Məzmuna keç

Məhkəmə-Hüquq Şurasının sədri: “Növbədənkənar parlament seçkiləri ilə bağlı üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”

"Bu il sentyabrın 1-də xalqımız üçün əhəmiyyətli bir hadisə – Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Parlament seçkiləri ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi və nəticəsi ölkə üçün sosial-siyasi baxımdan xüsusi önəm kəsb edir. Həm də ona görə ki, Milli Məclisə bu seçkilər işğaldan azad edilmiş ərazilərdə keçiriləcək".

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

O bildirib ki, ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Bu baxımdan ölkəmizdə parlament seçkilərinin azad, demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

"Hər zaman olduğu kimi, seçki ilə bağlı əsas yük Mərkəzi Seçki Komissiyasının üzərinə düşür. Bu il də qarşıya qoyulan vəzifələrin Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcəyinə əminəm. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq", – deyə İ.Kərimov qeyd edib.

Şəbnəm Mehdizadə