- 21:59
"Formula-1"ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid Qəlbinur Mikayılov ifadə verib.
"Mən ustayam və orada qaynaq işləri ilə məşğul idim. Tapşırıqları Tikinti şöbəsinə rəhbərlik edən Tom Puçerdən alırdım. Çingiz Mehdiyevi isə ofis işçisi kimi tanıyırdım. Hər bir sifarişin təxminən 3 min qiyməti var idi. Gördüyüm işə görə pulu təqsirləndirilən şəxsdən nağd qaydada alırdım. Marşal postlarının quraşdırılmasında lazım olan dəmir materiallarının bir hissəsini özüm, bir hissəsini də şirkət verirdi", - deyə o bildirib.
Şahid qismində ifadə verən Mais Abdullayev təqsirləndirilən şəxsin həyat yoldaşının sürücüsü olduğunu deyib: ""Formula-1" ilə bağlı şirkətin Çingiz müəllim tərəfindən açılmasından xəbərim var idi. Bankdan heç bir pul vəsaitinin götürülməsi ilə bağlı məlumatım yoxdu. Bu işə 50-dən çox nəqliyyat vasitəsi icarə ilə cəlb olunub. Həmin nəqliyyat vasitələrinin heç birinin VÖEN-i olmadığı üçün Çingiz Mehdiyev ailə büdcəsindən ödəyib. Şirkət mənlə müqavilə imzaladı. Bank çeklərinə Nərminə xanım qol çəkdirdi ki, özüm götürəcəm. Daha sonra Çingiz müəllim xərclədiyi həmin pul vəsaitlərini VÖEN vasitəsilə mənim hesabıma köçürərək ödəşmiş oldu".
Məhkəmənin növbəti iclası sentyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, Çingiz Mehdiyev "Formula-1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Orxan Rasifoğlu