- 15:54
Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini davam etdirib.
O bildirib ki, baş verənlərin əsl səbəbkarı iş üzrə zərərçəkmiş qismində tanınan Əhməd Mütəllimovdur:
"Bu iş üzrə zərərçəkmiş olan Liliya Muxievanın həyat yoldaşı Qəriblə razılaşdıq ki, birgə kabel istehsal edərək bazarda satışa çıxaraq. Ramanada Rüzgar müəllimin adına olan kabel sexinə sifarişlər verdik. Bu iş üçün mən 13 min, Qərib isə 15 min dollar pul qoydu. Biz 6 aya yaxın birgə işlədik. Sonra mən Qəribin pulunu qaytararaq bu işdən uzaqlaşdım, səbəb isə qazancın az olması idi. Daha sonra PVS biznesi ilə məşğul oldum. Ümumilikdə Qəribdən 80 min dollar pul almışam. Azərbaycandan İrana pul yollamaq mümkün olmadığı üçün Türkiyə vasitəsilə edirdim. 2023-cü il yanvarından iş dayandı. Qarşı tərəf mal göndərmədi. Tamerlanın evinin pulunu, Qəribə olan pul ödənilib. 80 min dolların yaranması 2020-2021-ci il arasında baş verib.
Zərərçəkmiş Tamerlan Rəşidovu Əhməd vasitəsilə tanımışam. Müharibə dövründə mən Türkiyəyə mal almağa getmişdim. Əhməd mənə dedi ki, sənə İrana pul göndərməkdə hər cür köməklik edəcəm. Sən də bu pulu Tamerlana verərsən. Mən Əhmədə dedim ki, İrandan malım gəlib, 23 min dollar pul verə bilərsənmi? O da verdi. Dekabrın sonlarında Əhməd bura gəldi. Dedi ki, mən mal alıb verəcəm sənə, sən də öz növbəndə satıb göndərəcəksən bizə. Xeyirdə razılığa gələcəyik. Mənim əlimdə mal qarışıq 400 min dollar pul var idi. Mən fərdi sahibkar kimi rəsmi qaydada işləyirdim. Aybaay mən Əhmədin qazancını verirdim. Mənə DOP yağı və digər mallar Əhməd Mütəllimovun təsisçisi olduğu "Mastel Makina" tərəfindən gəlib. 2021-ci də pullar ödəmişəm. Mənə gələn mallar Əhmədin və Şənlik Şükürovun zavodundan gəlirdi. 200 min dollar dəyərində DOP yağı gəlib. Şirkətdə olan pul haq-hesablarını Əhmədlə Dilbərin göstərişinə əsasən etmişəm. Əhməd dedi ki, PVS zavodu açaq. Torpağı mən aldım və buna görə Əhməddən bir qəpik də pul almamışam. Mənim Əhmədə heç bir verəcəyim yoxdu. Əhmədin və Şənliyin təsisçisi olduğu şirkətlərə 2021-ci ilin yanvar ayından 6 milyon 150 min manat rəsmi qaydada köçürmə yolu ilə pul ödəmişəm. Əhməd isə mənə 2 milyon 750 min manatlıq mal göndərib. Əhməd mənə deyirdi ki, filankəsdə 150 min manat pulum var get götür vur bizim şirkətin hesabına. Əhmədlə haq-hesab edəndə 300 min manat əskik yarandı. Mənim "ASAN İmzam"ı Əhməd götürmüşdü. Nə qədər istəyirdim, vermirdi. Yenidən haqq-hesab edəndə 800 min borc yaranmışdı, lakin sonra audit rəyi ilə açıq-aydın müəyyən olundu ki, Əhmədin, onun kirvəsi Şənliyin və baldızı Dilbərin mənə milyondan artıq borcu var. İstintaq isə həmin audit rəyini ört-basdır edərək heç ittiham aktına belə salmadı. Havalanmışdım, Əhmədə dedim ki, özümü öldürmək istəyirəm. O, sən demə, mənə quyu qazırmış. Mən hava limanında saxlanılaraq Nərimanov rayon polis idarəsinə gətirildim. Əhməd əlbir olduğu adamlarla birgə məni tutdurub ki, bütün pulları mənimsəsin. Günahkarlar çöldədir. 9 ay aparılan ibtidai istintaq sözün əsl mənasında qərəzli şəkildə aparılıb".
Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu