Bakıda 700 min manatdan artıq dələduzluq və oğurluq etməkdə təqsirləndirilən, qızıl satışı-alışı ilə məşğul olan qadının cinayət işinin bəzi detalları məlum olub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Zibeydə Aslanova (red – ad, soyad şərtidir) tamah niyyəti ilə satıcı işlədiyi "Karat” qızıl-zinət əşyalarının alışı və satışı mağazasının faktiki rəhbəri Bəxtiyar Həsənova həmin mağazadakı iş fəaliyyətindən başqa, qızıl-zinət əşyalarının tanışlarına nisyə vermək şərti ilə əlavə qazanc verəcəyi barədə yalandan vədlər verib.
Belə ki, xanım satıcı işlədiyi həmin mağazada özü tərəfindən oğurlanmış qızıl-zinət əşyalarının satış kitabında dəyərinin ödənilməsi barədə yalan qeydlər edib, nəticədə zərərçəkmiş şəxs Bəxtiyar Həsənova ümumilikdə 650 min 206 manat məbləğində, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq edib.
Bundan başqa, o, 10 mart 2022-ci il tarixdə saaat 17 radələrində Oruc Abuzərovdan alış-veriş edərək aldığı gündəlik tələbat mallarının dəyərini ödəməklə onun etibarını qazanıb, etibarından sui-istifadə etməklə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olmaq, qazancını aralarında bölməyi təklif edərək ümumilikdə 82 min 930 manatı pulu tamah niyyəti ilə ələ keçirməklə zərərçəkmiş şəxs Oruc Abuzərova külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq edib. Lakin o, pulun 25 min manatını geri qaytarıb.
Bundan başqa, Z.Aslanova, tanışı Sübhan Qonaqbəyovun etibarından sui-istifadə edib ona olan 2 min 300 manat borcunu qaytarmaq üçün lombardda ödəniş müddəti keçmək üzrə olan qızılları ödəniş edib götürmək, həmin qızılları satıb borcunu qaytaracağını, qazancı aralarında böləcəyi adı ilə aldadıb. Beləliklə o, verdiyi vədə əməl etməyərək ümumilikdə 30 min 200 manat məbləğində, pulu ələ keçirərək S.Qonaqbəyova xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib.
İttiham aktında qeyd olunub ki, xanım satıcı tanışı Elnarə Hüseynovaya qızıl əşyalarının pulunu nağd ödəyəcəyi adı ilə aldadaraq ondan Türkiyə istehsalı olan 1 ədəd qızıl boyunbağı, sırğalar-üzük-boyunbağıdan ibarət 2 qızıl dəstini və həmin gün ümumilikdə 3.900 manat dəyərində qızıl-zinət əşyalarını alaraq, lakin verdiyi vədə əməl etməyib və sonuncunun israrlı tələbindən sonra hissə-hissə ona 1.500 manatını ödəyib. Əmlakın qalan pulunu ələ keçirəməklə zərərçəkmiş Elnarə Hüseynovaya 2.400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq edib.
Bununla da, təqsirləndirilən şəxs Zibeydə Aslanova (red-ad,soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 5 zərərçəkmiş var. Təqsirləndirilən şəxs hazırda ev dustaqlığındadır və o, məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə araşdırılır.
Orxan Rasifoğlu
