Məzmuna keç

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs olundu

"Binə" ticarət mərkəzində işləyən sahibkarların 1,5 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən İlqar Abasovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, iş üzrə 6 nəfər – Samir Azadəliyev, Ramid Vəliyev, Niyazi Mərdanov, Elşad Hüseynov, Vüsal Kazımov və Sudef Nağıyev zərərçəkmiş şəxs qismində tanınıb.

İbtidai istintaq dövründə cinayət işini aparan istintaq orqanı təqsirləndirilən şəxs İlqar Abasov barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin dəyişdirilməməsi və cinayət işinin məhkəmə baxışına verilməsini məhkəmə heyətindən xahiş edib.

Təqsirləndirlən şəxsin vəkili Elsevər Xanəliyev isə müvəkkili barədə qətimkan tədbirinin dəyişdirilməməsini xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Eyni zamanda təqsirləndirilən İlqar Abasov barədə qətimkan tədbiri dəyişdirilərək həbslə bağlı qətimkan tədbiri seçilib və o, konvoy tərəfindən məhkəmə zalında həbs edilib.

Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, İ.Abasova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin başlanmasına əsas səbəb isə Azadəliyev Samir Rəcəb oğlunun "Binə" ticarət mərkəzində satışını həyata keçirdiyi Türkiyə Respublikasından sifariş etdiyi geyim əşyalarının köçürmə yolu ilə ödənilməsi adı ilə külli miqdarda pulunun Abasov İlqar Bayramqulu oğlu və Nağıyev Sudef Əliağa oğlu tərəfindən ələ keçirilməsi barədə 09 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinə ünvanlandığı müraciəti olub. Məlum olub ki, Abasov İlqar Bayramqulu oğlu etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xüsusilə külli miqdarlarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

Orxan Rasifoğlu