Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə şahidlər dindirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid Həsrət İsmayılov bildirib ki, təqsirləndirilən şəxs onun dayısı oğludur.
"Etibar mənə zəng etdi ki, biz səni gözləyirik niyə gəlmirsən? İşimi bitirəndən sonra onların oturduqları yerə getdim. Stolda meyvə seti və içkilər var idi. Otaqda mən, Etibar və Yusif idi. Etibarın halı birdən dəyişdi və o, Yusifin ünvanına çox pis söyüşlər söyməyə başladı. Yusifə dedi ki, sən hansı haqla mənim keçmiş nişanlıma mesaj yazmısan ki, üzüyü qaytar? Etibar Yusifin burun nahiyəsinə kəllə ilə zərbə vuraraq xəsarət yetirdi. Mən onlara aralamağa çalışdım. Yusif də Etibarın o qızdan uzaq durması üçün bu mesajı xalasının yazdığını bildirdi. Qeyd edim ki, onlar məndən öncə orada araq içmişdilər. Etibar idmançı idi deyə onu sakitləşdirmək mümkün olmurdu. Yusif çox sakit idi. Etibarı çölə çıxarıb üzünə su vurdum ki, sakitləşsin. Etibar ata söyüşü söyəndən sonra Yusif əlini bıçağa atdı. Həmin vaxt mən özüm də içkili idim. Yusif Etibara bıçaq zərbəsi vurandan sonra ona yardım etməyə çalışdı, lakin polis əməkdaşları hadisə yerinə gəldi", – deyə o qeyd edib.
Məhkəmənin növbəti iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov şəxsi münasibətlər zəminində xalası oğlu 1995-ci il təvəllüdlü Etibar Fətəliyevi bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.
Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Etibar Fətəliyev Azərbaycan Silahlı Qüvvələrin baş leytenantı olub və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Orxan Rasifoğlu
