- 9 Oktyabr 18:17
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Kənan Balasənlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, özünü elan edilən ittihamla təqsirli bilməyib: "Elektron ticarətlə məşğul idim. Kriptovalyuta ilə bağlı zərərçəkmiş Elnarə xanımla birgə iş görürdük. Onunla sosial şəbəkədə tanış olmuşuq. Pulu elektron ticarətlə bağlı Mustafa adlı türk vətəndaşına vermişdim. O da çıxıb gedib Dubaya. Elnarə xanımdan 12-13 min dollar alıb elektron ticarətə qoydum. O pulu batırdığıma görə münasibətimiz pozuldu və pulu qaytara bilmədim. Ümumilikdə Elnarə xanımdan 60 min dollar pul almışam. Digər zərərçəkən Cavidlə bağlı deyə bilərəm ki, mən onu bir nəfərlə əlaqələndirmişəm, qardaşı Kamran Musayevi işə düzəldirdi, 11 min manat pul vermişdilər. Elçin İbrahimovla bağlı isə 1003 manat ittiham irəli sürülüb, kriptovalyuta işi görmüşük".
Zərərçəkən Elnarə İsgəndərova ifadə verərək qeyd edib ki, təqsirləndirilən şəxslə 2022-ci ilin iyun ayında sosial şəbəkədə tanış olub: "Mənim studiyamı kirayəyə götürmək istəyirdi. 2022-ci ilin noyabr ayında 41 min dollar aldı məndən. Ümumilikdə 100 min dollara kimi pulumu alıb. 2 avtomobilimi, şəxsi avtobusumu, Rusiyada evimi satdım verdim Kənana".
Məhkəmə növbəti iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, K.Balasənliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan ümumilikdə 100 min manatdan artıqdır.
Orxan Rasifoğlu