Məzmuna keç

İki nəfərin ölümündə təqsirləndirilən avtobus sürücüsü məhkəmə zalında həbs edildi

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən Orxan Səfərovun 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən, Orxan Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Elnur Novruzovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Orxan Səfərovun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu