Məzmuna keç

“Bir milyon manat təzminat istəyirəm” –

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.

Müttəhimlər T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər. Onların müdafiəçiləri müvəkilləri özlərini təqsirli bilmədiyi üçün ilk olaraq zərərçəkənlərin dindirilməsini istəyiblər. Məhkəmə sözügedən müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.

Hadisə zamanı həlak olan Adil Rüstəmovun atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

"Oğlum həmin zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm", – o deyib.

A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklifi onu qane etməyib.

Müttəhimlərdən birinin vəkili bildirib ki, onları işə Səyyar Ələsgərov götürüb. İş üzrə adı çəkilən şəxs də məsuliyyətə cəlb olunmalıdır. Dövlət ittihamçısı vəkilə etiraz edərək bildirib ki, sözügedən hadisə əgər yanğın təhlükəsizliyi ilə bağlı baş veribsə, bu işə cavabdeh təqsirləndirilən şəxslərdir.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin olunub.

Qeyd edək ki, cinayət işində 44 nəfər zərərçəkmiş qismində tanınıb. Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham verilib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır, həmçinin o, ATV kanalının keçmiş prezidenti olub. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Orxan Rasifoğlu