Avtomobil gətirmək adı ilə 200 min manatı ələ keçirdilər - Cinayət işi


  • 18 Sentyabr 16:11

Avtomobil gətirmək adı ilə 200 min manatı ələ keçirməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri - Əlizamin Ağayev, Əli Vəliyev və Fərid Piriyevin növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq cinayət işində zərərçəkmiş şəxs kimi tanınan Zahir Nuraliyev ifadə verib.

O, dəymiş ziyanın ödənildiyini bildirib: "Təkcə Əli Vəliyevdən 5 min manat pulumu tələb edirəm. Həmin pulu avtomobilin dövlət qeydiyyat nömrəsi almaq üçün vermişdim, ancaq nömrəni almadı".

Zərərçəkən Aynur Vəliyeva ona dəymiş 15 800 manat ziyanın Əlizamin Ağayevin atası tərəfindən ödənildiyi barədə məhkəmədə ifadə verib.

Sonra Əli Vəliyev və Əlizamin Ağayev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırılıb.

Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi 27 sentyabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işində 4 nəfər zərərçəkmişə dəymiş ziyanın ümumi miqdarı 200 min manatdan çox olub. Təqsirləndirilən şəxslər zərərçəkənlərdən avtomobil gətirmək adı ilə pul alıblar. Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər