“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi vətəndaşların hüquqlarının müdafiəsi və ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərin görə, xüsusilə aztəminatlı şəxslərin, məişət zorakılığından zərər çəkənlərin, yetkinlik yaşına çatmayanların və digər həssas qrupların dövlət hesabına hüquqi yardımla təmin edilməsi müsbət addımdır. İlkin və peşəkar hüquqi yardımın fərqləndirilməsi, müraciətlərə baxılması müddətlərinin müəyyən edilməsi və imtina qərarlarından şikayət imkanının yaradılması da təqdirəlayiqdir.
Deputat hesab edir ki, qanunun daha səmərəli işləməsi üçün bir neçə məsələyə də diqqət yetirilməlidir.
“Birinci mühüm məsələ təcili hüquqi müdafiəyə ehtiyacı olan şəxslərlə bağlıdır. Layihədə müraciətlərə baxılması üçün 7 iş günü və digər müddətlər nəzərdə tutulsa da, bəzi hallarda hüquqi yardımın gecikməsi şəxsin hüquqlarına ciddi zərər vura bilər. Xüsusilə məişət zorakılığından zərər çəkənlərə, inzibati qaydada tutulmuş şəxslərə və təcili müdafiəyə ehtiyacı olan digər şəxslərə yardımın operativ göstərilməsi üçün sadələşdirilmiş prosedurun müəyyən edilməsi məqsədəuyğun olardı.
İkincisi, hüquqi yardımın göstərilməsi ilə yanaşı, onun keyfiyyətinə də ciddi diqqət yetirilməlidir. Layihədə hesabatlılıq nəzərdə tutulsa da, göstərilən xidmətin keyfiyyətinin qiymətləndirilməsi və vətəndaşların şikayətlərinin araşdırılması mexanizminin daha konkret müəyyənləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait ayrılırsa, həmin vəsait hesabına göstərilən hüquqi yardımın real nəticəsi də qiymətləndirilməlidir. Vətəndaş yalnız vəkillə təmin olunmamalı, həm də hüquqlarının lazımi səviyyədə müdafiə edilməsinə əmin olmalıdır”, – V.Qafarov qeyd edib.
Deputat eyni zamanda, regionlarda hüquqi yardımın əlçatanlığı məsələsinin də diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb: “Bəzi rayonlarda vəkillərin sayı və iş yükü vətəndaşların hüquqi yardıma vaxtında çıxışına təsir göstərə bilər. Məsələn, təmsil etdiyim Lerik rayonunda cəmi bir vəkil fəaliyyət göstərir. Buna görə də regionlar üzrə vəkilə olan tələbatın mütəmadi təhlili, ehtiyac olan ərazilərə əlavə vəkillərin cəlb edilməsi və məsafədən hüquqi məsləhət imkanlarının genişləndirilməsi də vacibdir. Məqsəd ondan ibarət olmalıdır ki, vətəndaşın harada yaşaması onun hüquqi müdafiə imkanlarına əlçatanlığı məhdudlaşdırmasın”.
Şəbnəm Mehdizadə
