Prezident fərman imzaladı


  • 16:14

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Prezident və yaxud Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların həmin Agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etməlidir.

Fərman oktyabrın 1-dən qüvvəyə minir.

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentlik öz fəaliyyətində Konstitusiyanı, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, yerli qanunları, İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, öz Əsasnaməsini, Prezidentin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.

Agentliyin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı dövlət büdcəsi, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

Agentlik Bakı şəhərində yerləşir.

Oxşar xəbərlər