"Hansısa şizofreniya xəstəsinin Azərbaycan barədə proqnoz verməsinin əhəmiyyəti yoxdur"


  • 1 Avqust 2021 17:05

"Vladimir Jirinovski illərdir Rusiya siyasətindədir, amma Rusiya siyasətini təmsil etmir. Rusiya elitasının ona dözümlülüyünün yeganə səbəbi ali dairələrin ona təlxək kimi yanaşmasıdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, ən yeni dövrün bütün Rusiya hakimiyyətləri üçün 75 yaşlı bu qocanın saray təlxəyindən artıq dəyəri yoxdur: "Bəzən iddia olunur ki, rəsmi Moskva deyə bilmədiyini Jirinovskiyə dedirdir. Ola bilsin ki, daxili siyasətdə, konkret olaraq ayrı-ayrı məmur oliqarxların zaman-zaman silkələnməsi üçün bu avantüristin xidmətindən istifadə oluna bilər. Amma dəqiqdir ki, Rusiya kimi nəhəng gücün Jirinovskinin pozuq və pəltək dili ilə danışmasına ehtiyacı yoxdur".

Azərbaycana gəlincə isə B. Məhərrəmov qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin xarakteri də, səviyyəsi də, tərəflərin məqsəd və niyyəti, maraqlarının sərhədləri də bəllidir: "Rusiyanın Azərbaycan siyasətini şəxsən cənab Putin müəyyən edir. Prezident Putinin isə ən ağır dövrlərdə, Vətən müharibəsinin gedişatında Azərbaycana münasibəti aydın göründü. Yəni, indi hansısa şizofreniya xəstəsinin Azərbaycan barədə plan və proqnoz verməsi, hansısa bir təlxəyin təkliflər irəli sürməsinin heç bir əhəmiyyəti yoxdur. Unutmamalıyıq ki, Jirinovski Rusiya deyil, heç rus da deyil. Rusiya cəmiyyətində minimal hörməti yoxdur və yalnızca rus mediasının sensasiya seqmenti üçün maraqlıdır".

Oxşar xəbərlər