Məzmuna keç

Nizami Səfərov: “Hesabatlar beynəlxalq məhkəmələrdə bizə çox ciddi yardım edə bilər”

Xəbər verdiyimiz kimi, “Human Rights Watch” II Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən bəhs edən hesabat yayımlayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Nizami Səfərov e-huquq.az-a açıqlamasında hesabatın ölkəmiz üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür hesabatlar Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistan tərəfindən vurulmuş ziyanın qaytarılmasını tələb etmək imkanlarına müsbət təsir edəcək.

“Beynəlxalq məhkəmə orqanları “Human Rights Watch”, "Humanist International" və bu kimi digər beynəlxalq təşkilatlara çox ciddi yanaşır. Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi bu təşkilatların hesabatlarını mütləq şəkildə nəzərə alır. Nəinki beynəlxalq məhkəmə orqanlarında, hətta bir çox xarici dövlətlərin Konstitusiya Məhkəmələrinin qərarlarında da belə hesabatlara istinad edilir. Bu baxımdan hesab edirəm ki, “Human Rights Watch” təşkilatının II Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən bəhs edən hesabat yayımlaması bizim üçün çox müsbət haldır. Biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb etdikdə bu kimi hesabatlar bizə çox ciddi yardım edə bilər. Çünki bildiyiniz kimi, hazırda Azərbaycan üçün ən mühüm məsələlərdən biri də məhz budur”, – deyə millət vəkili bildirib.

N.Səfərov həmçinin qeyd edib ki, bu hesabatlar müharibə cinayətləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasında da rol oynaya bilər: “12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini” beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Ermənistan tərəfindən Azərbaycana qarşı müharibə cinayəti törətmiş şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb olunması da bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Amma bu məsələdə Azərbaycan gərək tək olmasın. Beynəlxalq birlik, beynəlxalq təşkilatlar bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsində bizə yardımçı olmalıdırlar. Çünki onlar dünyanın istənilən ölkəsinə gedə bilər. Bu halda həmin şəxslər orada həbs olunub Azərbaycana ekstradisiya edilməlidir. Ona görə ki, Azərbaycan həmin müharibə cinayətkarlarını “İnterpol” xətti ilə axtarışa verib”.

Xəyalə Bünyatova