"Təxribat xarakterli bu fikirlər ABŞ-ın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsl mahiyyətinin təzahürüdür" - Deputat


  • 19 Sentyabr 2023 18:38

"Vətən Müharibəsində 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində hərbi və siyasi yolla gələbə qazanaraq ərazilərimizi işğaldan azad etdik. Azərbaycanın sülh bağlamaq təklifinə qarşı hər cür çirkin əməllərə əl atan Ermənistan xarici dövlətlərdən özünə havadarlar axtarmağa başladı. Paşinyan hakimiyyəti əvvəl Rusiyaya üz tutdu və heç bir nəticə əldə edə bilmədiyindən Ermənistan özü kimi işğalçı siyasət həyata keçirən Fransaya yalvarmağa başladı. Ermənistan və Fransanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı irəli sürdükləri yalan və qərəzlə dolu iddiaları fiaskoya uğradı. Regionda və Avropada qapılar üzünə bağlanan və aciz durumda olan Paşinyan ABŞ-a üz tutdu. Bu o Amerikadır ki, yürütdüyü siyasət yalnız öz maraqlarına xidmət edir, riyakarlığı, xəyanəti dövlət siyasəti səviyyəsinə çatdırıb. ATƏTin Minsk qrupunun həmsədri kimi ABŞ uzun illər Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması üçün bütün vasitələrdən istifadə edirdi. ABŞ Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım edirdi. Separatçılar da bu pulla silahlanırdılar. Separatçıların "rəhbərləri" Amerikaya səfərlər edir, burada onlar ayrı-ayrı səviyyədə görüşlər keçirirdilər. ABŞ-da cinayətkar rejim ofis də yaratmışdır. Bütün bunlar Azərbaycanla Ermənistan arasında münaqişənin uzadılmasına xidmət edirdi".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün dövlətlərə və xalqlara qarşı müstəmləkəçilik, talançılıq siyasəti həyata keçirir: "İslamofobiyanı dövlət siyasəti səviyyəsinə yüksəldən ABŞ yaxın Şərq ölkələrində dəhşətli qırğınlar törətdi. Liviyada, İraqda dövlət çevrilışləri həyata keçirtdi, hakimiyyət devrildi, milyonlarla günahsız insan qətlə yetirildi. Dünyada bütün münaqişələr ABŞ-ın istəyi və planlarına uyğun həyata keçirilir. Məqsəd istənilən regionda Amerikanın maraqlarını təmin etmək və regiondakı ölkələrin sərvətlərini talamaqdır. Özünü demokratiyanın qoruyucusu adlandıran Amerikanı nə demokratiya, nə də stabillik maraqlandırmır. Bu gün dünyanın bir çox hissəsi Amerikanın paleqonuna çevrilib".

Deputat deyib ki, ABŞ zaman-zaman Azərbaycanda da hakimiyyət çevrilışinin reallaşmasına çalışıb: "Əsas məqsəd Azərbaycanda ona itaət edən siyasi güvvələri hakimiyyətə gətirmək və torpaqlarımızın işğalının legitimləşdirilməsi olmuşdur. ABŞ bir neçə dəfə Azərbaycanda "rəngli inqilablar" planını həyata keçirmək istəsə də ölkəmizdə xalq-iqtidar biliyi bu planları alt-üst etmişdir. Bu gün də ABŞ Azərbaycana qarşı öz riyakar siyasətini davam etdirir. ABŞ senatının xarici əlaqələr komissiyasının sədri Robert Menendezin Qarabağda yaşayan ermənilərin güya Azərbaycan tərəfindən blokadada saxlanması barədə çıxışı ölkəmizə qarşı böyük təxribatdır. Menendezin rüşvətxorluğu və əxlaqsız hərəkətləri tək Amerikaya deyil bütün dünyaya məlumdur. Dövlət Departamentinin sözçüsü Yuri Kimin də ölkəmizə qarşı qərəzli fikirləri söyləməsi ən böyük əxlaqsızlıqdır. Əslində bu şəxslərin Azərbaycana qarşı təxribat xarakterli fikirləri ABŞ-ın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsl mahiyyətinin təzahürüdür. Azərbaycana qarşı hər hansı dövlətin təxribatı bizi qorxuda bilməz. Azərbaycan güclü dövlətdir və ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər