“Dəmir yumruq” növbəti dəfə başlarına dəydi və Yevlaxa gəlmək məcburiyyətində qaldılar - DEPUTAT


  • 21 Sentyabr 2023 16:35

“Qarabağdakı separatçıların təslim olması ilə dünya erməniliyinə, onların uydurduqları saxta tarixə, saxta ideyalara sarsılmaz yara vuruldu. Eyni zamanda dünya erməniliyinə himayədarlıq edən lobbi təşkilatlarına və bütün dünyaya sübut etdik ki, Azərbaycan güclü dövlətdir və öz hüquqlarını istənilən şəraitdə qorumaq, təhlükəsizliyini təmin etmək iqtidarındadır”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, antiterror tədbirləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

“Azərbaycan Silahlı Qüvvələri sentyabrın 19-da Ali Baş Komandanın qoyduğu tapşırıqları icra etdi və Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində separatçılığın kökünü kəsmək üçün antiterror tədbirlərinə başladı. Cəmi 24 saat ərzində erməni separatçıları ağ bayraq qaldırdı. Onların sırf hərbi baxımdan legitim obyektləri, istehkam qurğuları, postları, səngərləri, atıcı silahları darmadağın edildi. Çünki antiterror tədbirləri zamanı Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə əmr verilmişdi ki, mülki əhali maksimum qorunmalıdır. Ancaq və ancaq hərbçilər, silahlılar, onların döyüş texnikası məhv edilməlidir. 24 saat ərzində qoyulan tapşırıqlar ən yüksək səviyyədə və müvəfəqqiyətlə icra olundu və Ordumuz yeni bir şərəfli tarixi səhifə yazdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu gələcək nəsillərə hər hansı dəyərlə ölçülə bilməyən şərəfli miras qoydu. Min illər keçsə də, Azərbaycan xalqı gələcək nəsilə bu tarixi böyük qürur hissi ilə danışacaq. Xalqımızı təbrik edir, Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram”, - deyə deputat qeyd edib.

N.Məhəməliyev deyib ki, bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüş onların Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başlanğıcıdır: “İstənilən müharibənin yekunu masada bitir. Bu bir aksiomadır. Təbii ki, uzun illər düşmənçilik aparmış xalqların və dövlətlərin bir-birinə yaxınlaşma prosesi kifayət qədər ağır və ağrılı keçir. Birdən-birə 100 faizlik nəticə gözləmək sadəlövhlük olardı. Əsas odur ki, Azərbaycan əsgəri və xalqı düşmənə sübut etdi ki, burada öz doğma torpağında diqtə edən tərəf bizik. Müharibədə qalib gələn tərəf Azərbaycandır və burada bizim qanunlarımız işləyəcək. Ermənilər məcburdur ki, digər etnik millətlər üçün hansı şərait yaradılıbsa, hansı birgə yaşayış qaydalarına əməl edilirsə, ona əməl etsinlər. Onlar Azərbaycan Konstitusiyasının verdiyi hüquq və imtiyazlardan istifadə edə bilər. Hesab edirəm ki, Yevlaxda keçirilən görüş Azərbaycan diplomatiyasının qələbəsidir. Çünki biz ermənilərdən fərqli olaraq öz ərazimizdə görüşün keçirilməsini təklif edirdik. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir və Qarabağ ermənilərinin problemləri Azərbaycanın daxili məsələsidir. Ermənilər isə daim bu görüşü üçüncü dövlətin ərazisində keçirməyi təklif edirdi. Bunun da əsas səbəbi o idi ki, onlar problemi beynəlmiləlləşdirməyə çalışırdılar. Buna qətiyyən yol vermək olmazdı. Ermənilər bunu başa düşmədiyi üçün “dəmir yumruq” növbəti dəfə başlarına dəydi və onlar Yevlaxa gəlmək məcburiyyətində qaldılar. Gələcəkdə növbəti görüşlər Azərbaycanın başqa bir şəhərində, yaşayış məntəqəsində keçirilə bilər. Bu, o qədər də önəmli deyil. Əsas məsələ odur ki, görüş Azərbaycan torpaqları daxilində və Azərbaycan bayrağı altında keçirilir. Önəmli olan məhz budur”.

Deputatın sözlərinə görə, son proseslər Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək: “Müəyyən geosiyasi qüvvələr və qlobal güclər var ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlı deyillər. Onlar bu məsələni gündəmdə saxlamağa çalışır və erməniləri separataçılığa təşviq emtəyə çalışır. Onların bəziləri ermənidən daha çox erməni olmaq arzusundadır. Çünki burada öz geosiyasi maraqlarını təmin etmək üçün ermənilərdən maşa kimi istifadə edirlər. Bu, tarixən belə olub. İstisna etmirəm ki, yenə bu proses davam edə bilər. Yenə də hansısa beynəlxalq təşkilatlarda ermənilərin ağlaşmaları, "timsah göz yaşları" axıtmalarının şahidi olacağıq. Saxta soyqırımı iddiaları irəli sürüləcək. Ermənilər bundan tam imtina etməyəcək. Buna inanmaq bir az sadəlövhlük olardı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın apardığı siyasət sistemlidir, ərazilərimizdə separatçılığın tam ləğv olunmasına yönəlib. Azərbaycan bütün qonşuları ilə normal iqtisadi, siyasi, mədəni münasibətlərin qurulmasında maraqlıdır. Hesab edirəm ki, zaman bizim xeyrimizə işləyir. Yaxın illərdə nə Ermənistan dövləti, nə də dünya erməniləri Azərbaycanla qarşı-qarşıya gələcək gücdə olmayacaq”.

N.Məhəməliyev deyib ki, separatçıların yenidən təxribatlara əl atmaması üçün tam tərk-silah edilməlidirlər: “Ermənilər hətta öz imzalarından belə imtina edən bir xalqdır. Onlar bu gün bir söz, sabah tamam başqa bir söz deyirlər. Mövcud şəraitə uyğun olaraq onlar müxtəlif qütblər arasında vurnuxurlar. Heç kim qarantiya verə bilməz ki, ermənilər verdikləri vədə 100 faiz əməl edəcək. Burada hansısa təxribatlar da ola bilər. Ermənilərin öz arasında daşnaq millətçi qrupları və terrorçular var ki, onlar terror hadisələri törətməyə çalışacaq. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər peşəkardır. Ermənilərin törədəcəyi riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görəcək. Onların indiyə qədər malik olduqları odlu silahlar təhvil verilməlidir. Onların arasında ən xırda təxribatçı qruplar belə rüşeym halında neytrallaşdırılmalıdır və bu mütləq olacaq. Biz 90-cı illərdəki Azərbaycan deyilik. Azərbaycan güclü dövlətdir. Peşəkar hüquq-mühafizə orqanlarımız bu prosesləri tam nəzarətdə saxlayacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər