“74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin müasir texnologiya və innovasiya sektorlarının inkişafına yeni təkan verəcək”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib. O bildirib ki, ölkəmizin çox önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrildiyi artıq bir həqiqətdir:
“Bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə yanaşı, eyni zamanda ölkəmizdə yüksək təhlükəsizlik mühitinin olduğuna işarədir. Azərbaycan oktyabrın 2-də başlayan və 5 gün davam edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edərək 100-dən artıq ölkədən beş mindən çox nümayəndəni bir araya gətirib. Nəticə etibarilə dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Təbii ki, Beynəlxaq Astronavtika Konqresinin keçirilməsi həm də texnoloji sahədə əldə etdiyimiz nailiyyətlərin və qazandığı uğurların göstəricisi sayıla bilər. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi, həmin ildə Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxarması bu sahənin prioritetliyinə bir daha işıq saldı. Hələ o zaman dövlət başçısı belə bir əminliyi ifadə etmişdi ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaq. Belə də oldu. Hal hazırda on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvü olan ölkəmiz ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Hər üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərir. İnformasiya təhlükəsizliyinin vacib amili olan telekommunikasiya peykləri orbitə buraxılması, xarici dövlətlərin peyklərindən asılılığı da aradan qaldırılıb və ölkəmiz artıq peyk xidmətlərinin ixracına başlayıb”.
Politoloq qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakı ilə keçirilən Konqres eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir: “Xüsusilə indiki dövrdə, yəni Ermənistanın və onların havadarlarının ölkəmiz haqqında apardıqları anti Azərbaycan təbliğatının geniş vüsət aldığı bir dövrdə ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi olduqca önəmlidir. Başqa sözlə desək, ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği baxımından da olduqca önəmlidir. Elə cənab Prezident də Konqresdəki çıxışında Azərbaycanın ilk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdiyini deməklə yanaşı ölkəmizin keçdiyi 30 illik işğal dövrü və hazırkı postmünaqişə dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təəssüf hissi ilə vuğuladı ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özü icra etdi. ATƏT kimi beynəlxalq təşkilatların danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq, ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir”.
Y.Bağırzadə vurğulayıb ki, Azərbaycanın keçdiyi yol və əldə etdiyi nəticələr bir çox inkişaf etmiş ölkə üçün belə nümunə sayıla bilər: “Prezident öz çıxışında iqtisadi sahədə əldə edilmiş uğurlara da toxundu və bildirdi ki, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır. Həqiqətən də keçilən yol və əldə edilən nəticələr bir çox inkişaf etmiş ölkə üçün belə nümunə sayıla bilər. 20 il əvvəl mövcud olan yoxsulluq səviyyəsinin 50 faizdən 5,5 faizə endirilməsi onu göstərir ki, hasil edilən və beynəlxalq bazarlara çıxardılmış təbii sərvətlər lazımi qaydada idarə olunub və insanımızın güzəranının yaxşılaşdırılması üçün olduqca böyük addımlar atılıb”.
O bildirib ki, bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır: “Dövlət başçısı İlham Əliyevin Konqresdəki çıxışında vurğuladığı kimi, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya, eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir. Bir sözlə, Prezidentin Konqresdəki çıxışı ölkəmizin malik olduğu imkanların təqdimatı baxımından olduqca uğurlu oldu və sözsüz ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcək”.
Şəbnəm Mehdizadə
