Məzmuna keç

“Paşinyan bunu etməsə, uduzan yenə Ermənistan olacaq”

"Rəsmi İrəvanın Azərbaycanla sülh sazişinin imzlanmasına hazır olduqlarına dair verdiyi bəyanatlar yalnız və yalnız beynəlxaq ictimaiyyətdə özlərinin sülhpərvər imicini yaratmağa hesablanıb. Çünki biz uzun müddətdir ki, Paşinyan başda olmaqla, bu ölkənin rəsmiləri tərəfindən verilən bəyanatlarla onların atdığı addımlar arasında bir tərs mütənasibliyə şahidlik edirik".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Paşinyan dəfələrlə ən yüksək tribunalardan, istər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kv. kilolometr çərçivəsində tanıdığını desə də, son anda müxtəlif bəhanələrlə sülh prossesindən yayınıb.

"Məsələ burasındadır ki, Azərbaycanın sülh danışıqları ilə bağlı konkret mövqeyi var. Biz beş baza prinsipi əsasında, qarşılıqlı maraqlar çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Sülh sazişinin imzalanmasından qaçan və hər dəfə yeni bir bəhanələr uyduran məhz Ermənistandır. Ermənistanın sülhə maneə törədən davranışları isə səbəbsiz deyil. Bu davranış Ermənistanın müstəqil ölkə, Paşinyanın isə müstəqil şəxs olmaması ilə bağlıdır. Paşinyan indiki zamanda sülhün məhz Ermənistan üçün vacib olduğunu anlasa da, sərbəst və azad şəkildə qərarlar qəbul edə bilmir. Başqa sözlə desək, Ermənistanın sülh müqaviləsinə imza atması onun havadarlarının, yəni Ermənistandan alət kimi istifadə edib Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyən qüvvələrin razılığından keçir. Onlar isə istədiklərinə nail ola bilmədikləri üçün Paşinyana təzyiq göstərirlər", – deyə politoloq qeyd edib.

Y.Bağırzadə deyib ki, əgər Paşinyan bu təzyiqlərə davam gətirmək cürətini göstərəcəksə, ayrı-ayrı havadarlarının deyil, məhz Ermənistanın maraqlarından çıxış edəcəksə, o zaman sülh sazişi də imzalanacaq: "Yox əgər bunu etməyəcəksə, o zaman uduzan yenə Ermənistan olacaq. Çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü də, suverenliyini də bərpa edib. Beynəlxaq səviyyədə tanınan sərhədlər daxilində öz sərhədlərində möhkəmlənməyə də davam edir. Eyni şəkildə xoşluqla və ya zorla hal-hazırda işğal altında olan səkkiz kəndimizdə də Azərbaycan bayrağını dalğalandırmaq gücündə və iqtidarındadır".

Şəbnəm Mehdizadə