Azərbaycanın alkaqolsuz milli içkisi abqora necə hazırlanır? - Qora suyunun saymaqla bitməyən faydaları və tarixi haqda - VİDEO


  • 16 Sentyabr 2020 12:48

“Az-Granata” MMC adəti üzrə bu mövsüm də sənaye üsulunda abqora istehsalı prosesinə başlayıb.

Şirkətin PR Meneceri Ülvi Günəşlinin e-huquq.az-a verdiyi məlumata görə, istehsal sahəsində adını tarixə yazan şirkətin qürurla təqdim etdiyi məhsullardan olan alkaqolsuz milli içkimiz abqora sənaye üsulu ilə ölkəmizdə ilk dəfə “Az-Granata” MMC-də istehsal edilərək satışa verilib.

Ü.Günəşli bildirib ki, Azərbaycan mətbəxində özünəməxsus yer tutan abqora yüzlərlə xəstəlikliyin müalicəsində istifadə edilən və çox qədim tarixə malik olan alkaqolsuz içkidir. Qora suyu daha çox səbziqovurma və toyuq çığırtmasına əlavə edilir. Ağır, yağlı və ət xörəklərin üstündən biraz abqora içmək məsləhət görülür.

O, qora suyunun faydalarından danışıb. Qeyd edib ki, qora suyunda olan üç vitamin bilavasitə qan və qan əmələgətirən sistemə aiddir: Qora suyu tənəffüs yollarının iltihabında çox faydalıdır. Meyvələri yüngül işlədici və tərlədici təsirə malikdir:

"Qora suyu qan azlığında, babasildə, bronxial asmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada, əsəb üzgünlüyündə, yuxusuzluqda və qəbizlikdə məsləhət görülür. Təzyiq və şəkər xəstəliyində istifadə etmək üçün 40-50 qram qora suyu bir stəkan suya əlavə edilir və gün ərzində iki dəfə istifadə edilir. Qora suyu şiş xəstəliyinin həm müalicə edilməsində həm də bu xəstəliyin yaranmasının qarşısının alınmasında müstəsna əhəmiyyətə malikdir. Abqoranın boğaza, bağırsaq yaralarına tökülməsi müsbət nəticə verir. Saçların tökülməsinin qarşısını almaq üçün saçınızı sonuncu yaxalayacağınız suya bir neçə damcı qora suyu əlavə edin. Bu həm də saçın yumşaq və parıltılı olmasına imkan verəcək".

PR menecer abqoranın tarixindən də söz açıb və qora suyunun vətəninin Azərbaycan olduğunu söyləyib.

""Tibbnamə" kitabında məşhur həkim Məhəmməd Yusif Şirvani XVI əsrdə qora suyundan apetitin yaranması, öskürəkdə, bir sıra başqa xəstəliklərin müalicəsində istifadə edib. Bu qədər xəstəliklərin müalicəsində istifadə edilən qora suyu bir çox ədəbiyyatlarda həmişə olduğu kimi, yenə də bilərəkdən təhrif olunur. Belə ki, qora suyunun ilk istehsal tarixi Fransa ilə əlaqələndirilir və ensiklopediyalarda bu tarixin XIV əsrə aid olduğu haqqında məlumat verilir. Lakin “Az-Granata” MMC-nin Azərbaycanda qora suyunun istehsal tarixi ilə əlaqədar apardığı araşdırmalarda müəyyən edilib ki, Qora suyu haqqında yazılı məlumata ilk dəfə XII əsrdə dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rast gəlinir:

Bir vaxtki qoraydım, bir vaxtki kaldım,
Onda şirin idim, elə bil baldım.
Əzib şirəmidə ayırardılar,
Ondan da tütiyə qayırardılar.

Bu sətirlərə əsasən söyləmək olar ki, Nizami Gəncəvinin dövründə “Qora suyu” bir tutiyə kimi tanınırdısa, onda qora suyunun istehsal tarixi hətta bu dövrdən də yüz illərlə əvvələ gedib çıxır. Keçmişdə və hal-hazırda "tütiyə" sözü minlərlə xəstəliyin dərmanı mənasında işlədilir. Araşdırmalara əsasən söyləmək olar ki, qora suyu Azərbaycanda Fransadan 3 və ya 4 əsr əvvəl istehsal edilib. Bu da qora suyunun vətəninin Azərbaycan olmasını söyləməyə əsas verir", - deyə Ü.Günəşli bildirib.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər