"Hər ikimiz hələ də Prezidentin o müraciətinin təsiri altındayıq"


  • 19 Oktyabr 2020 04:22

Xalq artistləri professor Fidan Qasımova və professor Xuraman Qasımovanın cəbhə bölgəsində baş verən hadisələrə dair “Ya Qarabağ, ya ölüm!” məqaləsi hazırlayıblar.

Həmin məqaləni təqdim edirik.

2020-ci ilin 27 sentyabrda ölkənin kütləvi informasiya vasitələrindən Ali Baş Komandan, Prezident, cənab İlham Əliyevin xalqa müraciətini dinlədik. Açıq desək, o gündən bəri Prezidentin qərarlı çıxışı qulaqlarımızda səslənir. Hər kəlməsi yadımızdadır. Çox təsiredici bir müraciət idi, hər sözü həqiqətdir! Hər ikimiz hələ də o müraciətin təsiri altındayıq.

Bu il bütün dünya pandemiya adlı qorxunc bir virusla mübarizə apardı. Yüz minlərlə insan bu virusdan xəstələnib, dünyalarını dəyişdilər. Pandemiya hələ də davam edir. Dünya Səhiyyə Təşkilatı bütün münaqişələri dondurdu ki, virusla mübarizə aparsın. Buna rəğmən iyul ayında Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan torpaqlarında öz alçaq, separatçı əməllərini Tovuz rayonunun kəndləri ətrafında işğal təxribatını başladılar.

30 ilə yaxındır ki, Ermənistan heç bir haqları olmadan, bizim gözəl, zəngin bölgəmiz sayılan tarixi Dağlıq Qarabağ iddiası ilə Azərbaycana hücum edərək torpaqlarımızı 20 faizini işğal ediblər. Həmin bölgələri yaxşı xatırlayırıq. Fidan xanım və mən Maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə yaradıcılığımızın hələ ilk illərində tez-tez ölkəmizin müxtəlif rayon və bölgələrində konsertlərlə çıxış edərdik.

Qarabağın gözəl təbiətini gözlərimizlə görmüşük. Dağlıq Qarabağ tarixən Azəbaycanındır. Ermənilərin heç bir hüquq normalara sığmayan iddiası absurd bir yalandır! İllər boyu ermənilər özlərinin uydurduqları "dənizdən-dənizədək dövlət" utopik fikrilə yaşayırlar. Bu fikri bütün dünyaya təlqin etmək istəyirlər. Onlar desələr ki, "Sakit okeandan başlayaraq Yapon dənizinədək" torpaqlar ermənilərin olub, buna da təəccüblənmərik. Bu kimi iddialara düşmüş xəstə bir xalqla üz-üzəyik.

Azərbaycan Prezidenti, cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycandır! Bu sözlər artıq xalqımızın şüarına dönüb, bəli, bu belədir və belə də olacaq. Prezidentimizin müraciətindən sonra xalqın ruhu, inamı yüksəkdir. Prezidentimizin qərarı ilə ordumuz hücuma keçdi. Biz Qasımova bacıları prezidentimizin daima yanındayıq. Və onun xalqa açıq müraciətində hər bir cümləsi ilə tam razıyıq. Apardığı doğru strategiyanı dəstəkləyirik və ona minnətdarlığımızı bildiririk! Xalqımızın, prezidentimizin və ordumuzun yanında olmağa, separatçı, faşist işğalçılardan torpaqlarımızı azad etməyə hazır olmağa çağırırq!

Gənc yaşlarındaykən özümüz də yaradıcı rəqiblərimizlə döyüşmüşük. Hər beynəlxalq müsabiqə özü də bir savaşdır, döyüş meydanıdır. Rəqiblərin arasında müxtəlif ölkələri təmsil edən iştirakçılar olub. Məsələn, Yunanıstan kimi ölkədə mənim əsas rəqibim erməni ifaçısı olub. Qeyd edim ki, bəli, o illərdə biz ölkələrarası savaş halında deyildik, amma mən oradan Vətənimə qələbə ilə döndüm. Erməni ifaçısı məğlub oldu. Mən isə ölkəmə qızıl medal ilə qayıtdım.

Onu da demək istəyirəm ki, həmin ifaçı məni qələbə münasibəti ilə heç təbrik də etmədi.

Artıq xalqımızda yüksək əhval-ruhiyyə gündən-günə yüksəlir. Hər kəs könüllü olaraq torpaqlarımızı düşmən işğalçılarından azad etməyə hazırdır! Yaxşı xatırlayıram, 2002-ci ildə hər ikimizə - Fidan xanıma və mənə unudulmaz bəstəkarımız Vasif Adgözəlov tərəfindən təklif olunmuşdu, onun bəstələdiyi eyniadlı “Natəvan” operasında "Xan qızı Natəvanın" obrazını ifa edək. Maraqlı və məsuliyyətli təklif idi. Əsərlə tanış olandan sonra qərara gəldik ki, bu obrazı mən, Xuraman Qasımova ifa edəcəm.

Ümumiyyətlə, Qarabağ torpağı xalqımıza çox tarixi şəxsiyyətlər bəxş edib. Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül... Onların arasında görkəmli ictimai xadim, xeyirxah insan, böyük şairə - Xan qızı Natəvanın xüsusi tarixi rolu olub. Bu obrazı ifa etmək üçün mən bir müddət Qarabağ tarixini öyrəndim.

Natəvanın bu torpaqlarda nə dərəcədə böyük işlər gördüyünü, yaradıcılığı ilə tanış oldum, çox faciəvi, dramatik şəxsi həyatının olduğunu öyrəndim. Bu məlumatlardan sonra obraz üzərində ciddi çalışmağa başladım. 2003-cü ilin noyabrında operanın premiyerası keçirildi.

Mən fəxr edirəm ki, opera səhnəsində bu obrazı ilk dəfə ifa etmək mənə nəsib oldu. Nə dərəcədə alındı, tamaşaçılar xatırlayarlar. Opera Natəvanın: "Torpaqdan heç zaman heç kimə pay olmaz!", "Şuşadan nigaranam!", "Şuşanı azad edin!" sözləri ilə bitir.

Biz erməniləri Qarabağ torpağında qaçqın kimi məskunlaşdırdıq, onlar isə torpaqlarımızı zorla mənimsəyib, həmin əraziləri özlərinki kimi dünyaya tanıtdırırlar. Azərbaycanın Qarabağda olan mədəni abidələrini məhv edir, tarixi izlərimizi silib pozmağa çalışırlar. Açıq vandalizmə yol verirlər.

Tarixi heç bir zaman unutmaq mümkün deyil. Azərbaycanın haqq yolunda savaş etdiyi bütün dünyaya yaxşı məlumdur. Dünya ictimaiyyəti Qarabağı ermənilərin dövləti kimi qəbul etmir.

Azərbaycanı dəstəkləyən xarici ölkələrə, ilk növbədə qardaş Türkiyəyə dərin sevgimizi bildirirək təşəkkür edirik. Azərbaycan bu problemi sülh yolu ilə bitirməyə çalışırdı. Lakin ermənilər heç bir şərtləri qəbul etməyərək, danışıqlar prosesini qəsdən uzadırdılar. Azərbaycan xalqının Tovuz hadisələrindən sonra artıq səbri tükəndi.

Ölkə rəhbərimizin ədalətli təklifləri ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmirdi. Adətən, azərbaycanlılar sülhpərvər, ürəyiaçıq, qonaqpərvər, eyni zamanda mərd, müdrik, qeyrətli, dözümlü xalqdır. Lakin haqsızlığın da dərəcəsi var. Biz nə savaş tərəfdarıyıq, nə insan itkisi, nə də qan tökülməsini istəyirik. Ermənilər sanki qəsdən dəfələrlə provakasiyalara yol verərək dinc əhali yaşayan rayonlarımızı atəşə tutdular.

Bundan başqa, 45 yaşlı generalımız Polad Həşimovu və onunla birlikdə cavan hərbçilərimizi itirdik. Xalq Qarabağı azad etmək naminə artıq ayağa qalxdı. Son günlərdə cəbhə bölgələrində əsgərlərimizin hücum uğurlarını görərək, onlarla qürur duyuruq. “Cəbhəyə dəstək”, “Əsgərlərimizə dəstək” şüarları, xalqın yüksək vətənpərvərlik ruhunu gündən-günə artır. Buna ürəkdən sevinirik.

Bəllidir ki, hər bir savaşda qələbə də, itki də ola bilər. Təəssüf ki, itkilər də var. Tək əsgərlər arasında yox, eyni zamanda dinc əhali və gənclər arasında da torpaq uğrunda canını verməyə hazır igidlərimiz minlərcədir. Həlak olan qəhrəmanlarımızın qanı yerdə qalmayacaq. Allah itirdiyimiz əsgərlərimizə qəni-qəni rəhmət etsin!

Analarıməz itkidən yox, qələbə sevincindən gözyaşı töksünlər! Gün gəlsin, ordumuz qələbə çalanda Qarabağda, Şuşada dahi Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası səslənsin. Amin!

BAKU.NEWS

Oxşar xəbərlər