Azərbaycan-Türkiyə-Pakistan dostluğuna mahnı həsr edən müğənni: "Azərbaycan bizim ikinci vətənimizdir" - MÜSAHİBƏ


  • 7 Aprel 2021 12:45

Pakistanlı bəstəkar-müğənni Əsəd Qureyşi ölkəsinin Türkiyə və Azərbaycanla dostluğu mövzusunda mahnı bəstələyib. Mahnı “Dil Hai Turkey, Pakistan, Jan Hai Azerbaijan" (“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır”) adlanır. O, həmçinin türk və urdu dillərində klip hazırlayıb və "Youtube" kanalında yerləşdirib.

Əsəd Qureyşi mahnı haqda təəssüratlarını e-huquq.az-la bölüşüb.

- Cənab Əsəd Qureyşi, öncə bizə və ölkəmizə göstərdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm. Azərbaycan xalqının mahnıma göstərdiyi diqqətə görə çox qürurlandım.

- Ölkəmizdə maraqla qarşılanan bu mahnının yaranma tarixçəsi barədə məlumat verərdiniz. Necə oldu ki, belə bir musiqi ərsəyə gəldi?

- Mahnı ilə bağlı işlərə altı ay əvvəl başladıq. İdeya mənə məxsusdur. Bu ideya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri ilə bağlı yarandı. Onun ölkəmizə səfəri bizi xeyli qürurlandırdı. Ərdoğanı bütün dünya tanıyır. O, Pakistanda daha məşhurdur. Ərdoğanın səfərindən sonra Türkiyə və Azərbaycan mədəniyyətinin təbliğ ediləcəyi bu mahnını hazırlamaq qərarına gəldik. Şadam ki, mahnı azərbaycanlı dinləyicilər tərəfindən də sevildi. Bununla bağlı çox sayda təşəkkür məktubları alımışam. Göstərilən diqqətə görə Azərbaycan xalqına minnətdaram.

- Biz hər zaman Pakistandan dəstək gördük, hər an yanımızda oldunuz. Azərbaycanı niyə bu qədər çox seviriniz? Heç burda olmusunuzmu?

- Azərbaycan bizim ikinci vətənimizdir. Pakistan Azərbaycana aşiqdir. Azərbaycana gəlməyi çox istəyirəm. Əlbəttə, dəvət alsam, mahnını ərsəyə gətirən komanda ilə birgə məmnuniyyətlə Azərbaycana gələrəm. Bu mənim üçün böyük şərəf olar. Çox istərdim ki, Bakıya gəlim. Bakı şəhəri Pakistanda çox məşhurdur. Çox gözəl bir şəhər olduğu deyilir və onu kiçik Dubaya bənzədirlər.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Azərbaycan xalqı daim Türkiyə və Pakistana pis günlərində dəstək olur. Bu, təqdirəlayiqdir. Düşünürəm ki, mahnım Pakistanla Azərbaycan arasındakı qardaşlıq bağını daha da gücləndirəcək. Yaşasın Azərbaycan-Türkiyə-Pakistan dostluğu!

Ülviyyə Şahin

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu