“Məhkumlarla görüşə gələn şəxslərin koronavirus testindən keçməsi barədə tələb qüvvədədir. Bu tələbin aradan qaldırılması hələ ki, müzakirə olunmur”.
Bunu e-huquq.az-a açıqlamasında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, məqsəd məhkumların sağlamlığının qorunmasını təmin etməkdir: “Məlum olduğu kimi, Azərbaycanda karantin rejimi uzadılıb. Çünki koronavirusa yoluxma halları hələ də var. Bizim də borcumuzdur ki, məhkumların sağlamlığını qoruyaq. Ona görə də PCR test tələbi qüvvədədir”.
A.Sabitova həmçinin qeyd edib ki, müstəntiqlər və məhkumlarla görüşə gələn digər şəxslərdən test tələb olunmaması ilə bağlı iddialar əsassızdır: “Görüşə gələn hər kəsdən bu test tələb olunur”.
Xəyalə Bünyatova
