Məzmuna keç

“Azəriqaz” cari ilin yanvar-may aylarında qəbul olunan qazın həcmini açıqladı

"Yanvar-may aylarında 4 milyard 207 milyon kub metr, o cümlədən may ayı ərzində 390 milyon kub metr təbii qaz qəbul olunub".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, qəbul olunmuş qaz həcminin 1 milyard 66 milyon kub metri sənaye xətləri üzrə, 3 milyard 141 milyon kub metri əhali xətləri üzrədir: "O cümlədən may ayı ərzində 176 milyon kub metri sənaye xətləri üzrə, 214 milyon kub metri əhali xətləri üzrədir".

R.Cavadov qeyd edib ki, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qazın qəbulunda 329 milyon kub metr artım olub: "Ondan cari ilin yanvar-may aylarında keçən illə müqayisədə əhali xətləri üzrə azalma 24 milyon kub metr, sənaye xətləri üzrə artım 353 milyon kub metr olub. O cümlədən may ayında keçən illə müqayisədə 8 milyon kub metr artım olub ki, ondan əhali xətləri üzrə artım 26 milyon kub metr, sənaye xətləri üzrə azalma 18 milyon kub metr olub".