Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir


  • 30 İyun 2022 13:53

İyunun 30-dan 11 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

Bu barədə e-huquq.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 15-i B növünə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Hesablama Palatasında Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 10, Maliyyə Nazirliyində 10, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Qida Təhlükəsizliyi Agentliyində 6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2, Hesablama Palatasında 2, Əqli Mülkiyyət Agentliyində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Energetika Nazirliyində 1, Audiovizual Şurada 1 və Bakı Hərbi Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyunun 30-dan iyulun 19-u saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Oxşar xəbərlər