- 23 İyul 17:01
Bu gün tanınmış hüquqşünas, peşəkar vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev 49 yaşını qeyd edir.
E-huquq.az xəbər verir ki, Ş.Mirzəyev 2 avqust 1976-cı ildə Ağsu rayonunda anadan olub. Hüquq sahəsində ali təhsilini Bakı Dövlət Universitetində alan Ş.Mirzəyev 1998-ci ildə hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə isə mülki hüquq üzrə magistratura pilləsini uğurla başa vurub. 2007-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Hüquq sahəsindəki çoxillik təcrübəsi və peşəkarlığı ilə tanınan Ş.Mirzəyev bir sıra iri özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvüdür.
O, "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin təsisçisi və baş direktorudur. Rəhbərlik etdiyi hüquq şirkəti müştərilərə yüksək səviyyəli hüquqi xidmətlər təqdim etməklə yanaşı, hüquq sistemində şəffaflıq və ədalətin təmin olunmasında da mühüm rol oynayır.
Tanınmış vəkil, həmçinin 2019-cu ildə yaradılmış e-huquq.az ictimai-siyasi informasiya portalının da təsisçisidir.
Ş.Mirzəyevin fəaliyyəti yalnız peşəkar hüquqçu kimi məhdudlaşmır. O, həm də dərin humanizm prinsiplərinə sadiq qalan, ictimai faydalı təşəbbüslərdə fəal iştirak edən nüfuzlu vətəndaşdır. Vətən Müharibəsi zamanı o, Ordumuza göstərilən maddi və mənəvi dəstək kampaniyalarında öncüllərdən biri olub.
Eyni zamanda, COVID-19 pandemiyasının yaratdığı çətinliklər dövründə ehtiyacı olan insanlar üçün təşkil olunan yardım aksiyalarında yaxından iştirak edərək, onların sosial müdafiəsinə öz töhfəsini verib.
Bununla yanaşı, Ş.Mirzəyev gənclərin təhsilinə və inkişafına göstərdiyi diqqət və qayğı ilə də seçilir.
O, sosial baxımdan məhdud imkanlara malik olan şəxslərə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi pulsuz hüquqi yardım proqramları ilə həm hüquq sistemində ədalətin təmini, həm də sosial ədalət prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verir.
Ş.Mirzəyevin hüquq sahəsindəki səmərəli və nümunəvi fəaliyyəti daim yüksək qiymətləndirilib. Bu nüfuzun təzahürü kimi, 2021-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə Ş.Mirzəyev “Azərbaycan Vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı ilə təltif olunub. Bu yüksək mükafat onun vəkil kimi qazandığı uğurların, hüquq sahəsində göstərdiyi xidmətlərin göstəricisidir.
Ş.Mirzəyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və qarşıdakı illərdə daha böyük uğurlar, yeni-yeni hüquqi, elmi və ictimai nailiyyətlər arzulayırıq!