- 09:28
Ötən 8 ildə ölkəmizdə Vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 144-ə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatında bildirilib.
2025-ci ildə Bakıda bir neçə vəkil büroları təsis edilərək fəaliyyətə başlayıb, habelə Gəncə şəhərində Gəncə Regional Vəkil Bürosunun açılışı olub. Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar müasir maddi-texniki baza ilə tam şəkildə təchiz olunub.
Qeyd edilib ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən Kollegiyanın inzibati binasının (“Vəkil evi”) tikinti və təmiri işləri uğurla davam etdirilir. Tikinti və təmiri işlərinin 2026-cı ilin əvvəllərində yekunlaşdırılması və binanın açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Lənkəran şəhərində torpaq sahəsində müvafiq inzibati binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri aparılır. Sözügedən layihələrin həyata keçirilməsi vəkillərin peşə fəaliyyətinin daha müasir və səmərəli mühitdə təşkil olunmasına, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.