"Vəkillər də digər hüquqşünaslarla eyni pensiya hüquqlarına malik olmalıdır"


  • 11:42

"Təqaüdə çıxan vəkillərin aldıqları pensiyaların digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından əhəmiyyətli dərəcədə aşağı olması bizi narahat edən əsas məsələlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sahədə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına mütəmadi müraciətlər edilir və müzakirələr aparılır.

"Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından qat-qat aşağıdır. Hesab edirik ki, burada qeyri-bərabərlik mövcuddur. Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu məsələyə diqqət yetirəcək", - deyə A.Bağırov bildirib.

Kollegiya sədri vurğulayıb ki, hüquq peşələri arasında pensiya təminatı baxımından fərq qoyulmamalıdır. Onun fikrincə, bütün hüquq peşələrində çalışan şəxslərin pensiyaları eyni meyarlar əsasında hesablanmalıdır.

A. Bağırov qeyd edib ki, digər hüquq peşələrində staja görə əlavələr və 60 yaşdan pensiyaya çıxmaq kimi güzəştlər nəzərdə tutulduğu halda, vəkillər bu imkanlardan yararlana bilmirlər. O bildirib ki, vəkillik peşəsi məsuliyyət, mürəkkəblik və stress baxımından digər hüquq peşələrindən geri qalmır, əksinə, bir çox hallarda daha çətin fəaliyyət sahəsidir.

Vəkillər Kollegiyasının sədri əlavə edib ki, digər hüquq peşələri üçün tətbiq olunan güzəşt və imtiyazlar vəkillərə də şamil edilməlidir. O, Kollegiyanın bu məsələni daim gündəmdə saxladığını və məhkəmə-hüquq sisteminin bütün nümayəndələri, o cümlədən ədalət mühakiməsinin tərəfləri üçün bərabər yanaşmanın təmin olunmasının vacib olduğunu vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər