Məzmuna keç

Vəkillər Kollegiyasının futbol komandası dünya çempionatına dəvət alıb

Vəkillər Kollegiyasının futbol komandası dünya çempionatına dəvət alıb

İyunun 19-23-də İrlandiyanın Limerik şəhərində Avropa ölkələrinin hüquqşünasları arasında futbol turniri keçirilib.

Vəkillər Kollegiyasından (VK) e-huquq.az-a verilən “Eurolawyers” adlandırılan və uzun illərdir ki, mütəmadi keçirilən bu turnir miqyasına və nüfuzuna görə Avropa ölkələrinin hüquqşünasları və xüsusilə vəkilləri arasında keçirilən ən böyük futbol turniri hesab edilir.

Azərbaycan VK-nın futbol komandası 2018-ci ildə baş tutmuş bir neçə regional beynəlxalq turnirlərdəki uğurlu çıxışından sonra bu turnirə dəvət edilib.

Vəkil Elçin Usubun rəhbərliyi və tanınmış futzal mütəxəssisi Fuad Rzayevin məşqçiliyi altında Azərbaycan VK-nın futbol komandası 5×5 formatında iştirakı ilə ölkəmiz bu turnirdə ilk dəfə təmsil edilib.

Qrup mərhələsindəki hər üç oyunda müvafiq olaraq Danimarka, Ukrayna və Bolqarıstan komandaları üzərində inamlı qələbə qazanaraq göstərdiyi nəticələrə görə (9 xal və 20 top fərqi) komandamız ən yüksək reytinqlə ¼ final mərhələsinə yüksəlmiş, lakin ¼ final mərhələsində Macarıstan komandası təmsilçimiz üzərində 1:2 hesabı ilə qalib gəlib. Bundan sonrakı 5-ci yer uğrundakı oyunlarda komandamız əvvəl Kiyevin Evris komandasını 2:0 məğlub edib, lakin həlledici oyunda Moskva Vəkillər Kollegiyasının komandasına 1:0 hesabla uduzub.

6 oyuna 4 qələbə və 2 məğlubiyyətlə komandamız turnirdə 6-cı yer tutmasına baxmayaraq, turnirin ən çox qol vuran komandası olub (23 qol vurulub, 7 qol buraxılıb), komandanın üzvü Ülvi Əliyev isə 13 qolla “ən yaxşı bombardir” nominasıyasında qalib olub.

Uğurlu çıxışına görə, komandamız təşkilatçılar tərəfindən vəkillər arasında 1983-cü ildən keçirilən və 2020-ci ildə Mərakeşdə 20-ci dəfə baş tutacaq dünya çempionatına dəvət alıb.