“Vəkillərin peşə bayramının dövlət səviyyəsində qeyd olunması daha çox müsbət nəticələrin əldə olunmasına səbəb olar”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O, vəkilliyin bu gün ölkəmizdə ən vacib peşələrdən biri olduğunu bildirib: “Bildiyiniz kimi, Azərbaycanda bir çox sahələrdə peşə bayramları qeyd olunur. Vəkillik bu gün Azərbaycanda çox vacib peşələrdən biridir. Azərbaycanda dövlət quruculuğunda hüquqi müxanizmlər getdikcə daha da təkmilləşdirilir, bunun üzərində daim iş görülür. Eyni zamanda hüquqi islahatların aparılması ilə bağlı ölkə prezidentinin atdığı çox ciddi addımlar və verdiyi sərəncamlar var. Bu gün ölkədə aparılan iqtisadi islahatlar, insanların maddi rifahının yaxşılaşdırılması, ölkəmizin təhlükəsizliyinin daha yaxşı təmin olunması və dayanıqlı iqtisadi sistemin qurulması istiqamətinə vəkilllərin də üzərinə müəyyən dərəcədə məsuliyyət düşür. Onlardan bəlli bir fədakarlıq tələb olunur”.
Onun sözlərinə görə, qeyd edilən istiqamətdən baxdıqda, vəkilliyin bir peşə kimi vacibliyi önə çıxır.
“Bu vaciblik həm də ölkəmizin ümumi inkişafı ilə bağlıdır. Ona görə də mən vəkillərin peşə bayramının dövlət səviyyəsində qeyd olunması fikrini dəstəkləyirəm. Vəkillik fəaliyyətinin təqdirəlayiq olduğunu göstərmək, vəkillərin nüfuzunu artırmaq baxımından bu addım çox yaxşı olar. Eyni zamanda daha çox müsbət nəticələrin əldə olunmasına imkan verər”, – deyə, T.Mirkişili qeyd edib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur. 30 iyul 1919-cu il tarixi – Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub. Bu il isə Azərbaycan vəkilliyinin 100 illik yubileyidir.
