"Azərbaycanda dövlət quruculuğunda hüquqi məsələlər, insanların hüquq və azadlıqlarının qorunması hər zaman öndə durub”
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O, bütün dövrlərdə bu məsələyə xüsusi diqqət ayrıldığını bildirib: "Ötən 100 ilə nəzər salsaq, AXC-nin yaranmasından başlayaraq Azərbaycanda dövlət quruculuğunda hər zaman hüquqi məsələlərin, insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyinin önə çıxdığının şahidi oluruq. Cümhuriyyət qurucularının bu məsələ önəm veməsi “İstiqlal bəyannaməsi” də daxil olmaqla, bütün sənədlərdə öz əksini tapmışdır. Sovet hakimiyyəti illərində də Azərbaycanda qəbul olunan bir çox qərarlarda hüquqi tənzimləmənin, vəkillik fəaliyyətinin önə çıxdığını görürük. Hətta 1978-ci ildə qəbul edilmiş konstitusiyada da vəkillik fəaliyyəti, vətəndaşların hüquq və azadlıqları ilə bağlı maddələr öz əksini tapmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ildə qəbul olunan konstitusiya ilə hüquqi məsələlər daha dərin işlənməyə başladı. Bildiyiniz kimi, konstitusiyanın müddəalarının bütövlükdə 1/3-i insanların hüquq və azadlıqları ilə bağlıdır. Yəni konstitusiya ölkədə hüquqi mexanizmlərin, eyni zamanda vəkillik fəaliyyətinin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Bütün dövr ərzində Azərbaycanda qəbul olunmuş qanunlarda və cənab Prezident tərəfindən verilmiş fərmanlarda bütövlükdə hüquqi mexanizmlərin həm beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını, həm də hüquqda daha çox humanizm meylllərinin əks olunmasını müşahidə edirik”.
T.Mirkişili aparılan hüquqi islahatlara da toxunub. Deputat bildirib ki, hazırda vəkillik sürətlə inkişaf edir və bu sahədə ciddi işlər görülür:
"Hazırda ölkədə hüquqi islahatlar aparılır. Ötən il ölkə başçısının verdiyi Fərman Azərbaycanda vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vəkillik fəaliyyəti üçün dəstəyin verilməsi, həmçinin vəkillər üçün öhdəlik və vəzifələrin müəyyən olunması ilə bağlı tövsiyə xarakterli Fərman idi. Düşünürəm ki, ötən dövrə baxsaq, Azərbaycanda vəkillik fəaliyyəti xeyli inkişaf edib. Bunu həm keyfiyyət, həm də kəmiyyət baxımından söyləmək olar. Bu gün vəkillik fəaliyyəti sahəsində ciddi işlər görülür. Vəkillik fəaliyyəti yalnız insanların hüquq və azadlıqlarınn müdafə olunması ilə bağlı deyil. Vəkillər eyni zamanda insanların daha keyfiyyətli xidmətlə bağlı gözləntilərini də doğrultmalıdırlar. Bilirsiniz ki, ölkədə iqtisadi islahatlar aparılır. İqtisadi islahatlarn mühüm şərtlərindən biri də hüquqi islahatlarla paralel aparılmasıdır. Bu islahatlar paralel olaraq aparıldıqda daha çox uğurlu inkişafa nail olmaq olar”.
Deputat sonda vəkilləri Azərbycan vəkilliyinin 100 iliyinin tamam olması münasibətilə təbrik edib və onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.
