Bu gün Vəkillər Kollegiyasının (VK) rəhbərliyi aparılan əsaslı təmirdən sonra Bakı şəhəri 6 saylı Vəkil Bürosunun inzibati binası ilə tanış olub.
VK-dan e-huquq.az-a verilən məlumata görə, Kollegiyanın sədri Anar Bağırov və Rəyasət Heyətinin bir sıra üzvlərini büroda aparılan təmir işləri ilə tanış edən büronun müdiri Elxan Aslanov görülən işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.
Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına 6 saylı Vəkil Bürosunun tam şəkildə mebellə, printer və kompüter avadanlıqları, habelə kondisionerlər ilə təchiz edilməsi üçün ƏDV daxil olmaqla 15.997 manat vəsait sərf olunub.
Bundan başqa, Rəyasət Heyətinin təşəbbüsü ilə 2019-cu ilin fevral-aprel ayları ərzində büronun vəkilləri tərəfindən VK-na üzvlük haqqı olaraq ödənilməli olan ümumilikdə 9365.30 manat vəsait büronun inzibati binasının təmirinə sərf olunub.
VK-nın sədri A.Bağırov öz növbəsində büroda aparılan təmir işlərini yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara VK-nın Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.
