"Ombudsman Aparatı ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq genişlənməkdədir"


  • 17 Dekabr 2021 19:01

“Ombudsman Aparatı ilə Vəkillər kollegiyası arasında əməkdaşlıq genişlənməkdədir. Bu əməkdaşlıq vətəndaşların hüquqlarının qorunmasının səmərəliliyinə yönəlib”.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi çox səmimi təşəbbüsdür, bunun üçün bir çox ölkələrdən eksponotlar gətirilib: “Təbii ki, hüququn inkişafı sahəsində ölkəmizdə mütəmadi tədbirlər həyata keçirilir və Ombudsman Aparatı təsisatı olaraq biz bu inkişafı daim dəstəkləyirik. Bunların sırasında vəkillərin sayının və peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş tədbirləri göstərmək olar”.

S.Əliyeva bildirib ki, ölkəmizdə elan edilmiş pandemiya və hərbi vəziyyət dövründə Ombudsman təsisatı öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib: “Xüsusilə də həssas əhali qrupuna aid olan insanların hüquqlarının səmərəli təmini sitqamətində müəyyən işlər görüldü. Bu zaman vəkillərlə əməkdaşlıq əlaqələri bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini daha da artırdı. 2020-ci il, 18 iyun tarixində İnsan Hüquqları gününə həsr olunmuş insan hüquqlarının müdafiəsində Ombudsman təsisatının Vəkillər Kollegiyası ilə əməkdaşlığı mövzusunda videokonfrans formatında görüşümüz oldu. Daha sonra təsisatımızda Vəkillər Kollegiyasının rəyasət heyətinin sədri, üzvləri və digər əməkdaşların iştirakı ilə səmərəli görüş keçirildi, məhsuldar fikir mübadiləsi aparıldı, müəyyən əməkdaşlıq perspektivləri müzakirə olundu”.

Ölkəmizdə aztəminatlı, həssas əhali qrupuna aid ailələrə ödənişsiz hüquqi xidmətin təşkilinin xüsusi əhəmiyyətə malik olduğunu bildirən S.Əliyeva Ombudsman təsisatı ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq nəticəsində insanlara göstərilən əvəzsiz hüquqi xidmətlər sahəsində müsbət nəticələr əldə olunduğunu nəzərə çatdırıb: “İnsanlar hüquqi yardımın dövlət tərəfindən bu istiqamətdə aparılan islahatlarla bağlı mütərəqqi birliklərin yaradılmasının şahidi olurlar. Bu isə nəticə etibarilə hüquqi dövlət, qanunun aliliyi kimi anlayışları ciddi müsbət dəyişikliklərə səbəb olur. Əminəm ki, qurumlarımız arasında əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək, insan hüquqlarının təşkil edilməsi və səmərililiyinin qorunması sahəsində yeni mərhələyə yol açacaq”.

Sonda S.Əliyeva Vəkillər Kollegiyasının sədri Anar Bağırovun timsalında bütün vəkilləri ürəkdən təbrik edib və uğurlar arzulayıb.

Sevgül Qasımzadə

Oxşar xəbərlər