"Sentyabrın ayının 9-da Adil İsmayılovla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətində qərar qəbul edilmişdi. Elə həmin iclasda da biz vəkillər Sahil Quliyev və Adil İsmayılovu barışığa dəvət etmişdik. Lakin təəssüflər olsun ki, onlar həmin iclasda barışmamışdılar. Ancaq iclasdan sonra vəkillər görüşüblər, yəqin ki, bizim təşəbbüsümüzü nəzərə alaraq, bu addımı atıblar. Müzakirə aparıblar və sonradan barışıblar".
Bu fikirləri e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Adil İsmayılovun fəaliyyətinin 1 il dayandırılması barədə qərarın ləğv olunmasına münasibət bildirərkən deyib.
A. Bağırov qeyd edib ki, tərəflərin barışması ilə əlaqədar vəkil Sahil Quliyev VK Rəyasət Heyətinə müraciət edib: "Sahil Quliyev müraciətində barışdıqlarını və Adil İsmayılovla bağlı şikayətini geri götürmək niyyətində olduğunu vurğulayıb. Biz də bu hadisəyə çox sevindik və bunu nəzərə alıb qərarı ləğv etdik. Çünki bizim istəyimiz də odur ki, vəkil ailəmizdə əmin-amanlıq, mehribançılıq olsun. Barışığın olması, şikayətdən imtina bizim maraqlarımıza da uyğundur. Bizim nə Adil İsmayılov, nə də başqa vəkillə problemimiz var. Bütün vəkillər bərabərhüquqludur və hamıya eyni münasibət göstərilir. Eyni zamanda xatırlatmaq istəyirəm ki, qarşıdan Azərbaycan vəkilliyinin 100 illik yubileyi gəlir. Bu ərəfədə biz də hümanistlik və xoş niyyət nümayiş etdirərək, həmin icraata xitam vermişik".
Sədr onu da vurğulayıb ki, A. İsmayılovun fəaliyyətinin dayandırılmasına etiraz olaraq Vəkillər Kollegiyasına beynəlxalq təşkilatlardan hər hansı müraciət daxil olmayıb. Onun sözlərinə görə, barışıq olmasaydı, qərarı ləğv etmək mümkün olmayacaqdı: "Əgər vəkil şikayət edirsə, biz onunla bağlı intizam icraatı başlayırıqsa, vəkilin hərəkətində pozuntu müəyyən olunursa və şikayət də varsa biz icraata necə xitam verə bilərik? Yalnız şikayət geri götürüldüyü halda icraata xitam verilə bilər. Ancaq təbii ki, əgər vəkil qayda-qanunu pozursa, bununla bağlı hər hansı şəxs və ya təşkilatın müraciətinə biz göz yuma bilmərik. Qeyd etmək istəyirəm ki, bundan sonra da kimsə qayda-qanunu pozsa, cəzalandırılacaq. Yəni, biz ictimai rəylə deyil, Nizamnamə əsasında fəaliyyət göstəririk və bizə heç kim təzyiq edə bilməz. Bu, yalnız qanun və tərəflərin iradəsindən asılıdır".
