Bakıda vətəndaşın obyekti sahibindən xəbərsiz sökülüb - FOTO - VİDEO


  • 2 İyun 20:45

Bakıda vətəndaş Rəşid Hüseynova məxsus, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 33 ünvanında, “Ağ şəhər” kimi tanınan ərazinin yaxınlığında yerləşən özəl mülk sahibinin xəbəri olmadan sökülüb.

Bu barədə e-huquq.az-a R.Hüseynovun vəkili Şaiq Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, hadisə bu ilin yanvar ayının 6-da baş verib. Vəkil iddia edir ki, R.Hüseynovun heç bir məlumatı və razılığı olmadan 592,7 kvadrat metr sahəsi olan bina tamamilə dağıdılıb. Günorta saatlarında baş verən hadisə zamanı binanın içərisindəki əşyalar qarət edilib.

"Rəşid Hüseynov məsələ ilə bağlı polisə müraciət edib. Fakt üzrə Xətai Rayon 37-ci Polis Bölməsində araşdırma aparılıb. Söküntünü aparan şəxslər polis bölməsinə dəvət olunub və izahatları alınıb. Məlum oldu ki, həmin şəxslər təkcə Rəşid Hüseynova məxsus obyekti sökməyiblər, həmçinin ərazidə digər yerlərdə də söküntü işləri aparıblar. Bütün bu işlər Xətai Rayon İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilib. Sonradan araşdırmanın davam etdirilməsi üçün iş Xətai Rayon Prokurorluğunun icraatına götürülüb. Xətai Rayon Prokurorluğu iş araşdırılmadan, ekspertizalar keçirilmədən məsələni mülki-hüquqi mübahisə kimi qiymətləndirərək məhkəməyə müraciət etməyi tövsiyə edib. Halbuki bu məsələ mülki xarakterli deyil, burada cinayət əməli var. Vətəndaşın xüsusi mülkiyyəti qanunsuz olaraq dağıdılıb, içərisindəki əşyalar qarət edilib. Ona külli miqdarda zərər dəyib. Əslində bu cavab məktub formasında yox, araşdırmanı aparan prosessual şəxsin cinayət işinin başlanılması və yaxud cinayət işinin rədd edilməsi haqqında qərarı formasında əksini tapmalı idi. Hadisədən 5 ay keçməsinə baxmayaraq, söküntü işlərində təqsirkar olan şəxslərin dairəsi (icraçılar, təşkilatçılar) müəyyən edilməyib, cinayət işi başlanmayıb. Biz məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmişik. Ümid edirik ki, Baş Prokurorluq məsələni nəzarətə götürməklə qanuni və ədalətli tədbirlər görəcək", - deyə Ş.Mirzəyev qeyd edib.

Vəkil deyib ki, bu cür əməllərin cavabsız qalması onların gələcəkdə də təkrarlanmasına şərait yaradır: "Cinayət-Prossesual Məcəlləsinin XXV fəslində cinayət işinin başlanması əsasları müəyyən edilib. 204.1-ci maddədə bildirilir ki, fiziki şəxslərin yazılı və ya şifahi məlumatları törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilə bilər. 206-cı maddədə isə media subyektlərinin məlumatlarının törədilmiş və ya hazırlanan cinayətlər haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilə biləcəyi qeyd olunub. Lakin Rəşid Hüseynovun xüsusi mülkiyyətinin qanunsuz olaraq dağıdılması barədə həm özü tərəfindən məlumat verilməsinə, həm də kütləvi informasiya orqanlarında bu hadisə ilə bağlı materiallar yayımlanmasına baxmayaraq faktla bağlı cinayət işi başlanmayıb. Belə olduqda cəzasızlıq mühiti yaranır. Qanun pozuntusuna yol verən şəxsin məsuliyyətə cəlb olunmaması vətəndaşların dövlət orqanlarına, dövlətə olan inamını sarsıdır. Belə hallar eyni zamanda insanların Azərbaycanda əmlak almaq arzularına da kölgə salır. Çünki fikirləşirlər ki, əlində çıxarışı, rəsmi sənədləri olan bir insanın mülki onun razılığı olmadan dağıdılırsa, sabah eyni hadisə özünün də başına gələ bilər. Dövlətin adından mülkiyyəti təsdiq edən sənəd verildikdə vətəndaş həmin dövlət orqanına etimad edir. Bu etimad qorunmalıdır. Amma belə neqativ halların baş verməsi həmin etimada zərbə vurur".

Ş.Mirzəyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur: "Konstitusiyamızın 29-cu maddəsində isə qeyd olunur ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Lakin baş verən hadisə ilə vətəndaş Rəşid Hüseynovun mülkiyyət hüquqununun kobud şəkildə pozulduğunu görürük. Hesab edirəm ki, belə hallarda bağlı ciddi tədbir görülməlidir".

Qeyd edək ki, Ş.Mirzəyev daha öncə də saytımızda yayımlanan açıqlamalarında vətəndaşların mülkiyyət hüququnun pozulması hallarına toxunmuşdu. Bildirmişdi ki, vətəndaşların əmlaklarının qanunsuz şəkildə sökülməsi faktları çox zaman mülki xarakterli mübahisə kimi qiymətləndirilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Lakin məhkəmələr vətəndaşların xeyrinə qərar çıxarsa belə, əksər hallarda həmin qərarlar icra olunmur.

Vəkil vətəndaşların əmlaklarının qanunsuz şəkildə sökülməsinin cinayət tərkibi daşıdığını bildirərək bu əmələri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini məqsədəuyğun hesab edir.

Oxşar xəbərlər