“Təhsilin inkişafı yalnız orta təhsilə diqqətin artırılmasından deyil, həm də məktəbəqədər təhsilin inkişafından asılıdır. Çünki təhsilin təməli erkən yaşlarda qoyulur”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
A.Badamovun sözlərinə görə, ölkədə uşaqların yalnız 42 faizi məktəbəqədər təhsilə cəlb olunur və bu imkanlar əsasən böyük şəhərlərdə cəmləşir. Regionlarda isə vəziyyət fərqlidir.
Deputat nümunə olaraq Qusar rayonunu göstərib. Bildirib ki, rayonda uşaqların cəmi 6,9 faizi məktəbəqədər təhsilə cəlb olunur.
“Bu baxımdan rayonda mövcud məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına və yenilərinin tikilməsinə ciddi ehtiyac var. Xahiş edirəm, bu məsələnin dövlət büdcəsinin imkanları çərçivəsində dövlət investisiya proqramına daxil edilməsi nəzərdən keçirilsin”, – deyə A.Badamov bildirib.
Şəbnəm Mehdizadə
