Vəkil: "Mərkəzi Bank sahibkarlara əsassız olaraq cərimə yazır"


  • 13 İyun 09:35

Mərkəzi Bank "NLT Telecom" MMC barəsində inzibati protokol tərtib edərək şirkətə cərimə tətbiq edib. Belə ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi - "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" - əsasında inzibati xəta protokolu tərtib olunub. Həmin maddəyə əsasən, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-dən 30%-dək məbləğdə cərimə edilə bilərlər. İşə Səbail Rayon Məhkəməsində baxılıb və nəticədə "NLT Telecom" MMC-nin 11 504 manat məbləğində cərimələnməsi barədə qərar qəbul olunub.

Vəkil Aygün Əlizadə e-huquq.az-açıqlamasında bu qərarın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, ödənilmiş valyuta vəsaiti müqabilində müvafiq malların idxal edilməməsi “NLT Telecom” şirkətindən asılı olmayan səbəblərlə bağlıdır. Bu halda şirkətin cəzalandırılması ədalətsizlik hesab olunur.

"NLT Telecom" Kipr Respublikasında qeydiyyatdan keçmiş "Techace Technologies Limited" adlı bir şirkətlə alqı-satqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə asasən "NLT Telecom" tərəfindən 33 834,71 ABŞ dolları məbləğində vəsait "Techace Technologies Limited" şirkətinin bank hesabına köçürülüb. Lakin köçürülmüş məbləğə qarşılıq olaraq nə mal göndərilib, nə də vəsait geri qaytarılıb. "NLT Telecom" Rusiya Federasiyasında qeydiyyatda olan bir şirkətlə əməkdaşlıq edirdi. Ukrayna ilə bağlı münaqişə nəticəsində həmin Rusiya şirkətinin bank hesablarına sanksiyalar səbəbindən məhdudiyyət tətbiq edilib. Bu səbəbdən Rusiya şirkəti "NLT Telecom" MMC-yə bildirib ki, müqaviləni Kipr şirkəti ilə bağlayıb və ödənişi həmin şirkətə köçürsün. Rusiya şirkəti isə ödənişin əvəzində malların göndərilməsini təmin edəcəyini vəd edib. "NLT Telecom" dəfələrlə Rusiya şirkətinə müraciət edərək heç olmasa ödənişin geri qaytarılmasını tələb edib, amma qarşı tərəf ödənişi qaytara bilmədiklərini və "NLT Telecom" MMC-nin hesabına pul köçürülməsinin mümkün olmadığını bildirib. Qeyd etmək vacibdir ki, "Techace Technologies Limited" şirkəti ilə bağlanmış müqavilədə Rusiya şirkətinin adı ümumiyyətlə qeyd olunub. Göründüyü kimi, bu işdə "NLT Telecom"a böyük ziyan dəyib. "NLT Telecom" 20 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və belə bir halın yaşanmasını, təbii ki, özü də istəməzdi. Onsuz da göndərilən vəsaitin müqabilində malın idxal olunmaması sahibkar üçün ciddi maliyyə itkisinə səbəb olur. Mərkəzi Bankın əlavə olaraq cərimə tətbiq etməsi isə bu itkini daha da artırır və sahibkarın vəziyyətini ağırlaşdırır", - deyə vəkil qeyd edib.

A.Əlizadə bildirir ki, belə hallarda Mərkəzi Bankın nümayəndələri sahibkarı dəvət etməli və göndərilən vəsait müqabilində malın ölkəyə gətirilməməsinin səbəblərini araşdırmalıdırlar: "Sahibkardan izahat alınmalı, məsələ ilə bağlı araşdırma aparılmalıdır. Əgər malın ölkəyə gətirilməməsi sahibkardan asılı olmayan səbəblərlə bağlıdırsa, bu halda sahibkar nə üçün məsuliyyət daşımalıdır? Mərkəzi Bank adətən şablon yanaşmalar sərgiləyir. Heç bir araşdırma aparmadan, sahibkarın vəziyyətini nəzərə almadan və səbəbləri öyrənmədən protokol tərtib edərək məhkəməyə göndərir. Təəssüf ki, məhkəmələr də bu kimi hallarda protokolu qüvvədə saxlayaraq sahibkara cərimə tətbiq edirlər. Bu cür işlərə yalnız iki instansiya üzrə məhkəmədə baxıldığından sahibkarın Ali Məhkəməyə müraciət etmək imkanı olmur, çünki qanun buna icazə vermir. Hesab edirəm ki, Mərkəzi Bankın bu sahədə ədalətsiz yanaşması sahibkarın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır".

Vəkil məhkəmələrin bu cür işlərə baxarkən ciddi araşdırma aparmasının vacibliyini vurğulayıb: "Acınacaqlı hal ondan ibarətdir ki, Mərkəzi Bankın nümayəndəsi məhkəmə proseslərində iştirak etmir. Hakim isə Mərkəzi Bankın nümayəndəsi olmadan və işi hərtərəfli araşdırmadan qərar qəbul edir. Hesab edirəm ki, məhkəmələr bu cür hallarda işin mahiyyətini ciddi şəkildə araşdırmalıdır. Məhkəmələr obyektiv və qərəzsiz mövqe nümayiş etdirməli, sahibkarın hüquqlarını qorumağa çalışmalıdırlar. Qeyd etmək istərdim ki, hazırda bu iş üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Ümid edirəm ki, məhkəmə sahibkarın mövcud vəziyyətini nəzərə alaraq, ədalətli qərar qəbul edəcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər