- 13:00
“Artıq 3 ilə yaxındır ki, Almaniyada hüquq sahəsində fəaliyyət göstərirəm. Bu müddət ərzində “Microsoft”, “Allianz” və “Google” kimi beynəlxalq nəhənglərlə əməkdaşlıq təcrübəsi qazandım. İndi isə qərara gəlmişəm ki, Azərbaycana dönərək vəkilliyə qəbul olum və ölkəmə fayda verim”.
23 yaşlı Rəhim Abbasov e-huquq.az-a müsahibəsində öz fəaliyyəti, qazandığı təcrübələr və gələcək planlarından danışıb.
- Almaniyada işləmək sizə nə qazandırdı?
- Almaniyada işləmək mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından dönüş nöqtəsi oldu. Xüsusilə “Allianz” kimi dünyanın aparıcı sığorta şirkətində 22 yaşımda menecer vəzifəsinə təyin olunmağım böyük uğur idi. Bu, adətən uzun illər təcrübə tələb edən bir vəzifədir, lakin mən bu mərhələyə gənc yaşımda çatdım. Kollektivdəki həmkarlarımın əksəriyyəti 30-40 yaş aralığında idi. Burada hüquq təhsilim zamanı öyrəndiklərimi real iş mühitində tətbiq etmək imkanı əldə etdim. Eyni zamanda “Amazon” və “Google” kimi qlobal liderlərlə ortaq layihələrdə iştirak etdim. Bu təcrübələr mənim beynəlxalq əməkdaşlıq bacarıqlarımı, analitik düşüncəmi və hüquqi biliklərimi xeyli artırdı.
- Sizcə, Almaniya ilə Azərbaycan arasında hüquq təhsili sistemləri arasında ən mühüm fərqlər hansılardır?
- Almaniyada hüquq təhsili daha çox praktiki yönümlüdür. Tələbələr dərs prosesindən əlavə məhkəmələrdə, hüquq firmalarında və şirkətlərdə erkən təcrübə qazanır. Bu isə onların məzun olduqda real iş mühitinə daha hazırlıqlı olmasını təmin edir. Azərbaycanda isə təhsil əsasən nəzəri biliklər üzərində qurulub. Praktik təcrübə nisbətən azdır. Məncə, hər iki sistemin üstün cəhətlərini birləşdirmək bizim üçün daha faydalı olar.
- Azərbaycana qayıtmaq qərarını verdiyinizi qeyd etdiniz. Bu qərar sizin üçün nə dərəcədə vacibdir və onun arxasında hansı səbəblər dayanır?
- Bu həm şəxsi, həm də peşəkar bir seçimdir. Hesab edirəm ki, qazandığım beynəlxalq təcrübə yalnız xaricdə istifadə üçün deyil, eyni zamanda ölkəmdə hüquq sisteminin inkişafına töhfə vermək üçündür. Son illər ərzində sosial layihələrdə, podkastlarda və ictimai platformalarda iştirak edərək gənclərlə öz təcrübəmi bölüşməyə çalışmışam. ABŞ-də təhsil imkanları, Almaniyada DAAD təqaüdü qazandığım yol, “Allianz” və digər şirkətlərdəki təcrübələrim barədə danışmışam. Bu dövrdə mənə yüzlərlə gənc yazaraq suallar verib. Bu da göstərdi ki, sistemli şəkildə daha geniş töhfə vermək mümkündür. Məhz bu səbəbdən Azərbaycana dönüb hüquqi maarifləndirmə, gənclərlə mentorluq və vəkil kimi fəaliyyət göstərmək qərarına gəlmişəm. Çünki inanıram ki, uğur təkcə fərdi deyil, başqalarına fayda verməklə daha dəyərli olur.
- “Microsoft” şirkətinə müraciətiniz barədə paylaşımınız sosial mediada maraqla qarşılanmışdı. Bu təcrübə haqqında ətraflı danışa bilərsinizmi?
- “Microsoft”da ilk azərbaycanlı hüquqşünas kimi çalışmaq üçün bir aydan artıq davam edən ciddi və çoxmərhələli müsahibələrdə iştirak etdim. Bu proses mənim üçün olduqca önəmli və öyrədici oldu. Müsahibələrdə həm nəzəri, həm də praktik suallar yer alırdı. Məsələn, məlumatların qorunması, IT hüququ, GDPR, süni intellekt və müqavilə hüququ sahələrində dərin bilik tələb olunurdu. Bütün mərhələləri uğurla keçməyimə baxmayaraq, vəkil lisenziyam olmadığı üçün proses yekunlaşmadı. Bu təcrübə mənə özümə vacib bir sual verməyə səbəb oldu: “Mən gələcəkdə harada və necə işləmək istəyirəm?” Cavab isə aydın idi – Azərbaycana qayıdaraq ölkəmə hüquqşünas, sonra isə vəkil kimi fayda vermək istəyirəm!
- Gənc azərbaycanlı hüquqşünaslara nə kimi tövsiyələr vermək istərdiniz?
- Xaricdə təhsil və iş təcrübəsi əldə etmək çox dəyərlidir. Lakin ən vacibi odur ki, insan məqsəd və dəyərlərini heç vaxt unutmasın. Mən gənclərə tövsiyə edirəm ki, öz biliklərini daima inkişaf etdirsinlər, amma bir gün ölkəyə qayıdıb vətənə faydalı olmaq ideyasını da yadda saxlasınlar. Almaniyada olduğum müddətdə diaspora fəaliyyətlərində, tələbə birliklərində və Azərbaycanın Almaniyadakı Səfirliyi ilə əməkdaşlıqda fəal olmuşam. Bu da mənim vətənimlə bağlarımı daim güclü saxlayıb. Xaricdə qazandığımız təcrübə bizi həm peşəkar, həm də şəxsiyyət kimi yetişdirir. Bu isə gələcəkdə istər xaricdə, istərsə də ölkədə olmağımızdan asılı olmayaraq, Vətənimizə daha dəyərli töhfələr vermək imkanı yaradır. Mənim hekayəm göstərir ki, xaricdə təhsil və iş təcrübəsi qazanmış gənc hüquqşünaslar üçün Azərbaycana qayıtmaq və burada fəaliyyət göstərmək həm mümkündür, həm də olduqca perspektivlidir. Bu, uğura gedən yolda atıla biləcək ən doğru addımlardan biridir.
Şəbnəm Mehdizadə