"Qeyri-peşəkar insanların direktor seçilməsi təhsilin inkişafına əngəl törədir"


  • 11:47

"Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri təhsil sahəsidir. Lakin təhsil sahəsində bəzi problemlərin hələ də mövcud olması bizi narahat edir".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət yetirməsi, Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfələr verir. Lakin təhsil sahəsində hələ də mövcud olan müəyyən problemlər hamını narahat edir: "Məktəblərin və universitetlərin siması, ilk növbədə, rektorlar və direktorlar tərəfindən formalaşır. Bu gün 600 məktəbdə direktor vəzifəsi boşdur. Hər dəfə direktor seçimi üçün yeni metodologiya tətbiq edilir və bu, mürəkkəb bir labirintə çevrilir. Ləngimələr və qeyri-dəqiqliklər, ən çox da qeyri-peşəkar insanların direktor seçilməsinə imkan yaradır ki, bu da təhsilin inkişafına əngəl törədir."

F.Mustafa, dünya təcrübəsinə istinad edərək, direktor təyin olunmasında daha sistemli yanaşmanın vacibliyini vurğulayıb: "Bir çox ölkələrdə, məsələn, 10 illik təcrübəsi olan müəllimlər direktor vəzifəsinə təyin olunur, ya da kadr bankı yaradılır. Lakin Azərbaycanda bu vəzifə bəzən bir və ya iki il boş qalır. Bu, uşaqların gələcəyinə ciddi təsir göstərir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər