- 17:00
 
                     
            "Dövlət qulluqçusu anlayışına yeni yanaşma zəruridir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat vurğulayıb ki, dövlət qulluqçusunun davranışı, birbaşa olaraq dövlətin simasını əks etdirir. "Bugün gənclər illərlə hazırlıq keçərək, uğurla imtahan verirlər, yüksək bal toplasalar da, onlar hələ də işlə təmin olunmaqda çətinliklərlə qarşılaşırlar. Müsahibə mərhələsindəki problemlər, onları bu prosesdə bir addım da irəliləməyə qoymur".
R.Nurullayev dövlət qulluğuna qəbul prosesini tənqid edərək bildirib ki, imtahanlar formal olaraq ədalətli görünsə də, reallıqda vəziyyət fərqlidir: "Əgər imtahan və bal obyektiv meyardırsa, o zaman yüzlərlə gənc niyə illərlə işə qəbul oluna bilmir?"
Deputat bu vəziyyətin, həm ədalət anlayışını zədələdiyini, həm də gənclərin dövlətə olan inamını sarsıtdığını vurğulayıb: "Mən düşünürəm ki, dövlət qulluğuna qəbulda şəffaf bir mexanizm olmalıdır. Müsahibə mərhələsində tanışlıq məsələsinə son qoyulmalı, sosial ədalət bərpa edilməlidir. Yalnız bu halda gənclərin dövlətə olan inamı yenidən bərpa oluna bilər".
Şəbnəm Mehdizadə