“Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirildi - FOTO


  • 18:22

Noyabrın 28-də “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” adlı konfrans təşkil olunub.

E-huquq.az-ın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Muradova deyib ki, qadınlara qarşı zorakılıq yalnız fərdlərə deyil, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir və bunun nəticələrinin aradan qaldırılması asan deyil. O, xüsusilə regionlarda və ucqar kəndlərdə zorakılıqla bağlı müraciətlərin sayının daha çox olduğunu vurğulayıb və Komitənin həyata keçirdiyi layihələr və qanunvericilikdəki son dəyişikliklər barədə danışıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, ölkədə qadınlara qarşı zorakılığın qarşısının alınması və təhlükəsiz həyatın təmin olunması istiqamətində mühüm addımlar atılır. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib və tədbirin məqsədinin mövcud vəziyyəti təhlil edərək birgə fəaliyyətin gücləndirilməsi olduğunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında gender bərabərsizliyinin mənfi təsirlərinə diqqət çəkib. O vurğulayıb ki, Azərbaycan gender əsaslı zorakılıqla mübarizəyə xüsusi önəm verir və beynəlxalq çağırışlara fəal qoşulan ölkələrdəndir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə DİN tərəfindən yeni tədbirlər planı hazırlanıb və bütün regionlarda aidiyyəti qurumlarla birgə təlimlər keçirilir. Onun sözlərinə görə, məqsəd qadınların təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxışında gender əsaslı zorakılığın qarşısının alınmasının vacibliyini qeyd edib. O bildirib ki, ümumtəhsil məktəbləri məişət zorakılığının erkən aşkarlanmasında əsas rol oynayır. Qeyd edib ki, “Məktəblinin dostu” layihəsi genişləndirilib və şagirdlər zorakılıq halları ilə bağlı rahat şəkildə müraciət edə bilirlər. Vurğulayıb ki, məktəblərdə psixoloq, sosial pedaqoq və yaxın zamanda sosial işçilərin fəaliyyəti də artırılacaq.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova ailə münasibətlərinə həsr olunmuş televiziya kanalının yaradılmasını təklif edib. Bildirib ki, kanal vasitəsilə məişət zorakılığı və sosial məsələlər cəmiyyətə operativ şəkildə çatdırıla bilər. Komitə sədri, həmçinin deyib ki, son dövrlərdə Azərbaycanda əcnəbilərlə ailə quran vətəndaşların sayı artıb və həmin ailələrdə də zorakılıq halları müşahidə olunur. O qeyd edib ki, belə cütlüklərdən doğulan uşaqların taleyi bəzən sual altına düşür və bu məsələyə ciddi diqqət göstərilməlidir.

Vəkillər Kollegiyasının üzvü Lalə Nağıyeva ictimai həmrəyliyin məişət zorakılığı ilə mübarizədə əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, zorakılıq yalnız bir fərdin yox, bütün cəmiyyətin problemidir və maarifləndirmə işləri genişləndirilməli, insanlara mühafizə orderləri barədə məlumat verilməlidir.

Konfrans müzakirələrlə davam etdirilib.

Sonda “Şiddətə qarşı sülhün səsi” adlı pantomima nümayiş olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər