Məzmuna keç

Kişi işləmək istəyən arvadını döydü – Məhkəməlik oldu

Abşeron rayonunda həyat yoldaşının işləmək istəyinə qarşı çıxan kişi onu döyüb.

E-huquq.az-ın məlumatına görə, hadisə gecə saat 00:30 radələrində baş verib.

Yusif Kərimov (şərti ad-soyad) təxminən altı aydır qeyri-rəsmi nikah münasibətində olduğu İlahə Quliyevanın (şərti ad-soyad) yaşadığı evə gəlib. Söhbət zamanı qadın maddi vəziyyətinin yaxşı olmadığını bildirərək işləmək istədiyini deyib. Kişi isə buna etiraz edərək ailə qurarkən qadının işləməsini istəmədiyini əvvəlcədən bildirdiyini söyləyib.

Tərəflər arasında yaranan mübahisə zamanı Y.Kərimov qadının sifətinə sillə vurub, boğazından tutaraq onu divara sıxıb, saçını yolub və başını otağın qapısına çırpıb. Nəticədə qadın xəsarətlər alıb.

Qadın hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib və törətdiyinə görə peşman olduğunu bildirib. O, zərərçəkmiş şəxsin dəymiş ziyanını ödədiyini və tərəflərin barışdığını qeyd edib.

İ.Quliyeva da məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Y.Kərimovun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış məhkəməyədək sadələşdirilmiş icraata 73.2-ci maddəyə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Şəbnəm Mehdizadə