Harvard Universitetinin araşdırmasına görə, ABŞ-nin ən böyük 403 məlumat mərkəzi 2024-cü ilin mayından 2025-ci ilin aprelinədək atmosferə 25,7 milyon ton karbon qazı emissiyası buraxıb. Bu göstərici Danimarkanın illik emissiyasını üstələyir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nature Sustainability” jurnalında dərc olunan tədqiqata əsasən, məlumat mərkəzlərinin bir il ərzində istehlak etdiyi 82 teravatt-saat elektrik enerjisinin yarıdan çoxu qalıq yanacaqlardan əldə edilib. İstifadə olunan enerjinin 15 faizi isə kömürün payına düşüb.
Araşdırmanın aparıcı müəllifi, Harvard Universitetinin professoru Françeska Dominici emissiyaların əvvəlki tədqiqatlarda göstərilən rəqəmlərdən 2-3 dəfə çox olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-də daha 2 min məlumat mərkəzinin tikintisinin planlaşdırılması vəziyyəti gələcəkdə daha da ağırlaşdıra bilər.
Bu arada, BMT-nin COP31 iqlim danışıqlarında şirkətləri və ölkələri məlumat mərkəzlərini təmiz enerji ilə təmin etməyə, elektrik və su istehlakı, eləcə də emissiyalar barədə şəffaflığı artırmağa çağıran könüllü təşəbbüs irəli sürülüb.
Məlumat mərkəzlərinin tikintisi ABŞ və Kanadada da ictimai etirazlara səbəb olur. Narazılıqlar əsasən bu obyektlərin enerji və su istehlakı, eləcə də ətraf mühitə təsiri ilə bağlıdır.
Şəbnəm Mehdizadə
