- 20:43
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ədliyyə Nazirinin müavini Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Baş prokuror bildirib ki, dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri möhkəmlənib və bu, digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynayır.
Bundan başqa, Can Tuncayı Ədliyyə Nazirinin müavini təyin olunması münasibətilə təbrik edərək, daha öncə qurulmuş səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.
Türkiyə Respublikası Ədliyyə Nazirinin müavini Can Tuncay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm ədliyyə qurumları, həm də prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar barədə fikir mübadiəsi aparılmış, konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya ilə bağlı praktiki məsələlər müzakirə edilmiş, bir sıra əldə istiqamətlərdə əldə edilmiş müsbət nəticələr qeyd edilib.