- 13:40
Azərbaycanda gənclərin sosial rifahının və hüquqi savadlılığının artırılması istiqamətində mühüm təşəbbüslər davam etdirilir.
E-huquq.az xəbər verir ki, bu çərçivədə “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu və “Qala Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə “Güvənlə sığortalı gələcəyə doğru” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi tələbələrə sığorta sahəsi üzrə ilkin biliklərin verilməsi, risk və qeyri-müəyyənlik anlayışlarının izahı, eləcə də sığorta münasibətləri çərçivəsində hüquq və öhdəliklərin aydınlaşdırılması olub.
Tədbirin açılış hissəsində çıxış edən layihə koordinatoru Fatimə Quliyeva və fondun direktoru Daşqın Şikarov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıblar.
Fondun həmtəsisçisi Rəşid Hüseynov isə çıxışında “Güvən” Fondunun fəaliyyət istiqamətləri, sosial missiyası və gənclərə göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verib.
Daha sonra fondun fəaliyyəti, məqsədləri və gələcək planları təqdim olunub, eyni zamanda “Güvən” Fondunun yeni rəsmi saytının təqdimatı keçirilib.
Tədbirin davamında “Qala Sığorta” ASC-nin nümayəndələri çıxış edərək sığorta sektorunun aktual məsələlərinə toxunublar. Satış departamentinin rəhbəri İlkin Nəcəfov iştirakçılara sığorta xidmətlərinin əhəmiyyəti və real bazar təcrübəsi barədə məlumat verib.
Maarifləndirici təlim çərçivəsində İlahə Ümidli tərəfindən risk və qeyri-müəyyənlik anlayışı, sığortanın fərdlər və cəmiyyət üçün rolu, sığortanın əsas növləri, sığorta müqavilələri üzrə hüquq və öhdəliklər, real həyat nümunələri əsasında praktiki tətbiq barədə geniş məlumat verilib.
Qeyd olunub ki, sığorta yalnız maliyyə aləti deyil, eyni zamanda hüquqi münasibətlər sistemi kimi vətəndaşların maraqlarının qorunmasında mühüm rol oynayır.
Vurğulanıb ki, “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu istedadlı tələbələrə dəstək göstərməklə onların təhsil imkanlarının genişləndirilməsinə töhfə verir. Bu kimi maarifləndirici tədbirlər isə gənclərin həm peşəkar, həm də hüquqi biliklərinin artırılmasına xidmət edir.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib.