- 22:16
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində ciddi uyğunsuzluqlar üzə çıxıb.
E-huquq.az xəbər verir ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib.
Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10,1 mln. manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3,7 mln. manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34,55 mln. manat, 19 fermer üzrə isə 24,2 mln. manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.
Palata həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18,8 mln. manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.
Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.