Qarabağ Universitetində “Qarabağın Konstitusiya Elçiləri” adlı layihə həyata keçirilib - FOTO


  • 16:48

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən qrant müsabiqəsinin qaliblərindən olan “Qarabağın Konstitusiya Elçiləri” layihəsi Qarabağ Universitetində uğurla həyata keçirilib.

E-huquq.az-ın məlumatına görə, layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti olub. 4 gün davam edən layihə gənclər arasında konstitusiya dəyərlərinin təbliği, hüquqi savadlılığın artırılması və dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi məqsədi daşıyıb.

Layihə çərçivəsində Qarabağ Universitetinin Hüquq, Beynəlxalq Münasibətlər, Tarix, İqtisadiyyat və Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasları üzrə təhsil alan 25 tələbə seçilərək təlim proqramına cəlb olunub.

Proqram müddətində iştirakçılar konstitusiya hüququnun əsas prinsipləri, vətəndaş hüquq və azadlıqları, hüquqi savadlılığın cəmiyyət üçün əhəmiyyəti və gənclərin ictimai həyatda rolu kimi mövzular üzrə geniş və interaktiv təlimlərdə iştirak ediblər. Təlimlər yalnız nəzəri biliklərlə məhdudlaşmayıb, eyni zamanda praktiki yanaşmalarla zənginləşdirilib.

Təlim sessiyaları çərçivəsində keçirilən “case study” müzakirələri, qrup işləri və simulyasiya əsaslı tapşırıqlar vasitəsilə iştirakçılar real həyatda rast gəlinə biləcək hüquqi vəziyyətləri analiz etmək və düzgün qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Bu yanaşma gənclərin tənqidi və analitik düşünmə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verib.

Layihə çərçivəsində çıxış edən spikerlər konstitusiya dəyərlərinin qorunmasının yalnız hüquqşünasların deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün məsuliyyəti olduğunu vurğulayıb, xüsusilə gənclərin bu prosesdə aktiv rol oynamasının vacibliyini qeyd ediblər.

Layihə rəhbəri Nərmin Məmmədova qeyd edib ki, layihə çərçivəsində formalaşan bilik, bacarıq və dəyərlər gənclərin daha məsuliyyətli və aktiv vətəndaş kimi yetişməsinə, eyni zamanda cəmiyyətdə hüququn aliliyinin təşviqinə mühüm töhfə verəcək.

Oxşar xəbərlər