- 20:02
Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker Sahibə Qafarova bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək.
İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spiker bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.
İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var.
Milli Məclisin sədri bildirib ki, iki ölkə parlamentləri arasında sıx əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərə bilər.
Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın müstəqillik və parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.
Latviya Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb.
Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.
Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadi, təhsil, investisiya, informasiya texnologiyaları, kənd təfərrüfatı, turizm və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.