"Azərbaycanda qadın sahibkarların sayının artırılmasına ehtiyac var" - DEPUTAT


  • 16:44

"Azərbaycanda qadın sahibkarlar azdır. Onların sayının artırılmasına ehtiyac var".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev "Memarlıq və Şəhərsalma İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfransın "Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar" adlı panel müzakirəsində deyib.

R.Nurullayev bildirib ki, qadın sahibkarların sayını artırmaq üçün müxtəlif tədbirlər görülməlidir.

Deputatın sözlərinə görə, hazırda qadınlar və kişilər arasında sahibkarlıq sahəsində olan imkanlar bərabər olsa da, kişilərin üstünlük təşkil etməsi qaçılmazdır. Buna görə də qadın sahibkarlığını inkişaf etdirmək üçün daha fərqli və üstün şəraitlər yaradılmalıdır.

O, qadınlara daha az faizlə kreditlərin verilməsinin bu istiqamətdə mühüm addım olacağını vurğulayıb. Qadın sahibkarlara daha əlverişli şərtlərlə maliyyə dəstəyi təmin edilməsinin kişilərin dəstəyi ilə sahibkarlıq fəaliyyətinə başlamağa kömək edəcəyini qeyd edib.

Eyni zamanda, deputat memarlığın yalnız bina tikmək deyil, həm də rahatlıq və sosial həyatın yüngülləşdirilməsi üçün imkanlar yaratmaq olduğunu bildirib: "Bu məsələdə təhlükəsizlik məsələsini kənara qoysaq, qadınlar bu işin öhdəsindən daha məsuliyyətlə gələ bilərlər".

Humay Eminqızı

Oxşar xəbərlər