Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri tələbələrlə görüşdü - FOTO


  • 18:24

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 29 aprel 2026-cı il tarixində fakültənin Tələbə Gənclər Təşkilatının "Masterklass" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirin qonağı qismində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov çıxış edib.

Görüş "Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi" mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hüquq-mühafizə orqanları sistemində zəngin təcrübəyə malik olan və tələbəlik illərində fakültənin Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərən Kərəm Mansurovun peşəkar fəaliyyətinin hüquqşünas gənclər üçün nümunəvi olduğunu qeyd edib.

Dekan bu cür birbaşa ünsiyyət platformalarının tələbələrin peşəkar inkişafına və onların mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Məhkəmə-Hüquq Şurasının təkamül yolu, institutun hüquqi statusu və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verib.

O, fərqli hüquq sistemlərində bu təsisatın müxtəlif adlarla fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan modelinin məhkəmə müstəqilliyinin təmin olunmasında və ədalət mühakiməsinin keyfiyyətinin artırılmasında oynadığı strateji rolu diqqətə çatdırıb.

Çıxış zamanı məhkəmə sistemində reallaşdırılan islahatlar, məhkəmələrin institusional gücləndirilməsi və gələcək inkişaf istiqamətləri kimi mühüm məqamlara toxunulub.

İnteraktiv formatda davam edən görüşdə Kərəm Mansurov tələbələrin Məhkəmə-Hüquq Şurasının formalaşdırılması, hakimlərin seçilməsi və təyinatı prosedurları, habelə qurumun cari fəaliyyəti ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Böyük maraqla qarşılanan tədbir tələbələrin hüquqi dünyagörüşünün zənginləşməsi və nəzəri biliklərinin təcrübə kontekstində möhkəmləndirilməsi baxımından faydalı olub.

Tədbirin sonunda Kərəm Mansurov Hüquq fakültəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Oxşar xəbərlər