III Respublika Hüquq Olimpiadası keçirildi - FOTO


  • 6 May 23:32

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə 6 may 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.

E-huquq.az xəbər verir ki, Olimpiadanın keçirilməsində əsas məqsəd hüquq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə vermək olub.

Tədbirdə respublikanın aparıcı ali təhsil müəssisələrindən – Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası - olmaqla, ümumilikdə 9 ali təhsil müəssisəsi iştirak etmişdir. İştirakçılar hüququn müxtəlif sahələrinə dair nəzəri və praktik xarakterli sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. İlk olaraq Olimpiadanın açılış mərasimi keçirilmişdir. Açılış nitqi üçün söz Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova verilib. Nazim Rəcəbov çıxışında Olimpiadanın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib, bu tədbirlərin hüquq tələbələri arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühim əhəmiyyət daşıdığını vurğulayıb. O, artıq üçüncü dəfə keçirilən olimpiadanın davamlı xarakter alaraq ənənəyə çevrildiyini qeyd edib, hər il həm iştirakçı sayının, həm də məzmun və təşkilati səviyyənin daha da inkişaf etdiyini bildirib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək Hüquq Olimpiadasının tələbələrin şəbəkələşməsi, hüquqi təfəkkürünün inkişafı, yeni biliklər əldə etməsi, komanda ruhunun formalaşması və nəzəri biliklərin praktik tətbiqi baxımından mühim əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dekan Olimpiadanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edərək, Ulu Öndərimizin həyata keçirdiyi hüquq islahatlarının hüquqi dövlət quruculuğunu təmin etdiyini, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dekan 2024-cü ildə keçirilmiş ilk Olimpiadanın Heydər Əliyev Fondunun 20 illiyinə həsr edildiyini diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin və gənclərin inkişafı sahəsində mühüm işlər görüldüyünü vurğulayıb. Olimpiadanın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Baş prokuroru, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevə təşəkkür elan edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov çıxış edərək, bu cür təşəbbüslərin gənclərin təhsilinə müsbət təsir göstərdiyini, onların hüquqi bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. Ali Məhkəmənin gənc hüquqşünasların inkişafına xüsusi diqqət ayırdığını qeyd edən sədr müavini, “Femida könüllüləri” təşkilatının gənclərin hüquqi maarifləndirilməsinə mühim töhfə verdiyini bildirib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev tələbələrin inkişafına verilən dəstəyin əhəmiyyətini vurğulayaraq Olimpiadanın keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Azərbaycanda müasir hüquq sisteminin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov Olimpiadanın Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmasının əhəmiyyətini, ədalət prinsiplərinin vacibliyini və bu kimi yarışmaların tələbələrin analitik düşüncəsinin inkişafındakı rolunu qeyd edib.

“EKVİTA” şirkətinin rəhbəri İlqar Mehti Olimpiadanın gənclərin ikişafı üçün mühüm platforma olduğunu bildirərək Olimpiadada iştirak edən hər kəsin qalib olduğunu qeyd edib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev bu kimi yarışların nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsi və peşəkar bacarıqların artırılmasındakı mühüm rolunu vurğulayıb.

Çıxışlardan sonra Olimpiadanın təşkilində və hüquq elminin inkişafına verdikləri töhfəyə görə bir sıra şəxslərə Hüquq fakültəsinin dekanı Zaur Əliyev tərəfindən təşəkkürnamələr təqdim olunub.

Rəsmi hissədən sonra Olimpiada öz işinə başlamışdır. Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Vaqif Xəlil çıxış edərək Olimpiadanın keçirilmə qaydalarını izah edib.

Olimpiada iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə açıq suallara cavab verən iştirakçılar ikinci mərhələdə kazusları cavablandırıblar. Final mərhələsinə keçən 4 komanda arasından Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası münsiflər heyətinin qərarına əsasən birinci yerə layiq görülüb. Gömrük Akademiyasının komandası ikinci, BDU komandası isə üçüncü yerdə qərarlaşıb. Qalib komandaya qalibiyyət kuboku, sertifikatlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, münsiflər heyəti 3 nəfərdən ibarət tərkibdə - Bakı Apellyasiya Məhkəməsinin hakimi Tural Qocayev, EKVİTA hüquq şirkətinin nümayəndəsi Aynur Hacıyeva və hüquq elmləri üzrə fəlsəfə doktoru Firdovsi Qasımov olub.

Olimpiadanın aparıcıları qismində BDU Hüquq fakültəsinin 4-cü kurs tələbələri, Prezident təqaüdçüləri Həmidə və Nəzrin Sadıqova bacıları çıxış ediblər.

III Respublika Hüquq Olimpiadası öz işini uğurla başa vurub.

Oxşar xəbərlər